
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda “Kəpəz” klubunun Gənclər Liqasında çıxış edən futbolçusu Amur Yusifovla bağlı qərardan şikayətə baxılıb.
AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb.
Apellyasiya şikayəti qismən təmin edilib və AFFA İntizam Komitəsinin bu qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 1 oyunu şərti tətbiq olunub. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və sınaq müddətinin başlanğıcı 23 aprel götürülüb.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.