
Azərbaycanda ilk dəfə iyunun 21-də keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına başlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətindən Sportnet.az-a veriən məlumata görə, biletləri iticket.az platforması üzərindən əldə etmək mümkündür.
Turnir Gənclər və İdman Nazirliyi ilə BŞH-nin təşkilatçılığı sayəsində həyata keçilir.
Şirkətin baş direktoru Maqsud Fərzullayev UFC-nin Bakıya gəlişi ilə Azərbaycanın idman tarixində yeni səhifə açdığını bildirib: "Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. UFC ilə tərəfdaşlıq ölkəmizin illərdir ki, idman sahəsindəki dinamik inkişafının, ölkə rəhbərliyinin uğurlu idman siyasətinin məntiqi davamıdır".
Fərzullayev, həmçinin turnirin təşkili prosesində dəstəyini əsirgəməyən bütün tərəfdaş və sponsorlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, Avropa və dünyanın müxtəlif ölkələrindən minlərlə UFC azarkeşi səbirsizliklə bilet əldə etməyə tələsir. Gözlənilən qonaqlar sırasında UFC əfsanəsi Həbib Nurməhəmmədov və döyüşçü Taqir Ulanbekov da var.
Gecənin əsas döyüşündə UFC-nin keçmiş yarım ağır çəki üzrə çempionu və reytinq cədvəlində 4-cü pillədə qərarlaşan Camal Hill 7-ci yerdə olan Xalil Rauntri ilə qarşılaşacaq. Minlərlə MMA azarkeşi Kristal Zalda döyüşçüləri, xüsusilə də azərbaycanlı idmançıları dəstəkləmək üçün bir araya gələcək.
Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır və hər il təxminən bir milyard evi əhatə edir.