
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, AŞF-nin prezidenti Mahir Məmmədov iştirak ediblər.
Əvvəlcə Xalça Muzeyinin direktoru Əminə Məlikova tədbir iştirakçılarını və şahmatçıları salamlayıb. O bildirib ki, “Çempionların savaşı” turnirinin Xalça Muzeyində keçirilməsi heç də təsadüfü deyil: "Bu gün hamımız üçün vacib gündür. Ölkəmizdə həmçinin "Baku Open-2025" Şahmat Festivalına start verilib. Xalça Muzeyində isə ilk dəfə "Çempionların savaşı" turniri təşkil olunur. Bütün şahmatçılar üçün xüsusi gündür. Xalçaçılıq Azərbaycanın qədim sənət növlərindən sayılır. Ümid edirəm ki, bu gün burada müxtəlif xalçalardan qurulmuş ekzpozisiyalar şahmatçılarımıza stimul verəcək”.
Daha sonra yarışın tanıtım videoçarxı nümayiş olunub.
Mahir Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb, təşkilatçılığa görə Milli Xalça Muzeyinə və Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
FIDE prezidenti incəsənət və şahmatın eyni məkanda bir araya gəldiyini vurğulayıb: "Ümid edirəm ki, şahmatçılar oyunlarından zövq alacaqlar".
Ardından FIDE prezidentinə və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına xatirə hədiyyəsi təqdim edilib.
Sonda nazir Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilk gedişi ediblər.
Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanovla üz-üzə gələcək.
Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə yarışacaq.