
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında Ermənistanın iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.
Sportnet.az xəbər verir ki, bu barədə Oyunların Təhlükəsizlik və Əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva bildirib.
"Yarışın adından da görünür ki, bu, MDB Oyunlarıdır. Müvafiq MDB ölkələri və digər ölkələrə dəvətlər göndərilib. Biz təşkilatçı ölkə olaraq dəvətnaməni göndəririk, amma Ermənistanla bağlı bir cavab verilməyib. Bu barədə daha sonra məlumat verəcəyik", - deyə o vurğulayıb.
Ağayeva Rusiya və Ukrayna idmançılarının iştirakı məsələsinə də toxunub: "İdman siyasətə qarışmır və bizim də ölkəmiz siyasi mövzuları nəzərə almadan Oyunları təşkil edir. Hər bir idman obyektində idmançıların daşınması zamanı müvafiq təhlükəsizlik orqanları ilə düşmən və mehriban ölkələrinin idmançıları arasında təhlükəsizlik qorunacaq.
Digər ölkələrin də iştirakı nəzərdə tutulduğu üçün Azərbaycan, rus və ingilis dilləri paralel istifadə olunacaq".
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda keçiriləcək.