
"Azərbaycanda daha bir komandanın olması bizim üçün ən sevindirici haldır. Bu, həm də yeni oyunçuların cəlb olunması baxımından önəmlidir. Ona görə də komandanı quranlara təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu qadınlardan ibarət "DH Volley Baku" komandasının voleybolçusu Aynur İmanova deyib.
Kapitan əvvəlki klubu "Azərreyl"dən ayrılmasının səbəbini açıqlayıb: "Mövsümün ortasında təklif gəldi. Mən də karyeramda dəyişiklik etmək istədim.
Pandemiyadan sonra ardıcıl üç il "Azərreyl"də oldum. Demək olar ki, komandaya hər mövsüm fərqli oyunçular, baş məşqçilər gəlirdi".
O, yeni komandanın hədəfinin çempionluq olduğunu söyləyib: "Hədəf çempionluqdur, bunun üçün çalışacağıq. Bu komandanın Azərbaycan millisinə də müsbət təsiri olacaq. Çünki gənc oyunçular çempionatda iştirak edəcəklər. Komandaların çoxalması yeni-yeni oyunçuların göz önünə çıxacaqları deməkdir. Nəticədə yerli oyunçulara daha çox şans veriləcək və qazanan milli komanda olacaq"