
“Rəqib bizə qarşı aqressiv oynadı. Lakin özümüz müdafiədə yaxşı çıxış etdik və daha çox qol epizodumuz oldu”.
Bunu "Sabah” komandasının xorvatiyalı futbolçusu İvan Lepinitsa Azərbaycan Kubokunun 1/2 final mərhələsində evdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Sportnet.az-a açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi 1/2 finalda layiqli mübarizə apararaq mərhələ adladıqlarını bildirib: “Oyun çox yaxşı keçdi. Bilirdik ki, bizi çətin görüş gözləyir. Matç əlavə vaxta da gedə bilərdi. “Neftçi” də bizim kimi avrokuboklar üçün kubok matçına fokusklanmışdı. Amma yekunda biz sevindik. Hələ son deyil, final oyunumuz var”.
Lepinitsa finaldakı rəqib “Qarabağ”a qarşı hazırlığa bu həftə çempionat matçının müsbət təsir edəcəyini vurğulayıb: “Qarabağ” çox yaxşı klubdur, çox yaxşı futbolçuları var. 4 oyundur çempionat oyunlarında qalib gəlirlər. Başa düşürük ki, kubokun finalında da çətin olacaq. Lakin hazırlıq üçün bir ayımız var. Ən yaxşısını əldə edəcəyimizə ümidvaram”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXXII turun “Sabah” - “Qarabağ” görüşü aprelin 27-də keçiriləcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 20:00-da start götürəcək.