![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739554703_047.jpg)
Elşən MƏMMƏDOV
Bu gün Azərbaycanın iki böyük şəhərinin klubları yeni sponsorla anlaşdıqlarını açıqladılar. "Kəpəz"dən fərqli olaraq, "Sumqayıt" müqavilə imzaladığı şirkətin adını da bəyan etdi. Daha əvvəl paytaxtın "Neftçi" və Mingəçevirin eyniadlı komandası da analoji addım atmışdı.
Yəni, ölkənin böyük şəhərlərində futbolun maddi-texniki bazası möhkəmlənməkdədir, bircə Naxçıvandan başqa. Baxmayaraq ki, "Araz-Naxçıvan" Bakının ucqar Mərdəkanında oynaya-oynaya, yenə də hansısa ucqar kəndində məşq edə-edə, oyunlarında azarkeşi olmaya-olmaya, Zaur Axundovun "dəmir yumruğ"undan bəhrələnə-bəhrələnə ikinci yerdə gedir.
Özüm heç bir klubumuzun azarkeşi deyiləm, oyun və nəticələrini həyəcanla izləmirəm. Amma 15 ildən çoxdur mənə doğmalaşan Sumqayıtda futbol infrastrukturunun inkişafını məmnunluqla izləyirəm. Vaxt var idi Sumqayıt komandaları oyunlarını sınıq-salxaq oturacaqlara malik, ot örtüyü bostanı xatırladan Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirirdilər. Komandanın adı isə te-tez oyun alqı-satqısında hallanırdı. Baxmayaraq ki, ölkə miqyasında sayılıb-seçilən, hətta legioner həyatı yaşayan futbolçuları var idi.
Sonradan o stadionun yanında yenisi yaradıldı, özü isə tam yenilənərək, müasir bir arenaya çevrildi.
Bugünkü müqavilə ilə "SOCAR Polymer" adı verilən əvvəlki "Kapital Bank Arena" artıq əlverişli infrastruktura malik məkana çevrilib. Təbii və süni örtüklü meydanlarından "Sumqayıt"ın əsas komandası, aşağı yaş qrupları məşq üçün, əvəzedici və II Liqada yarışan "Qusar" klubu isə ev oyunlarını keçirməkdən ötrü yararlanır. Ora nə zaman getsən, ən azı uşaq yaş qruplarının məşqlərini görərsən. Şəhər əhalisinin futbola marağı da yüksək səviyyədədir, valideynlər övladlarını sevə-sevə futbol bölməsinə yazdırırlar. Artıq demək olar ki, Sumqayıtda futbol infrastrukturu, maddi-texniki baza tam formalaşıb. Qalır bircə əsas komandanın nəticələri.
Təəssüf ki, "Sumqayıt" Premyer Liqada yenə qeyri-sabit qrafik cızmaqdadır. 7 oyundur qol və qələbə üzünə həsrət qalan komanda hətta sonuncu pilləyə enmə təhlükəsi ilə üzləşib. Üçüncü dövrənin sonunadək Vaqif Cavadovun rəhbərlik etdiyi kollektivin qarşılaşacağı 5 rəqibdən 4-ü "Zirə", "Neftçi", "Qarabağ" və "Turan Tovuz" kimi güclü komandalar olacaq. Belə bir vəziyyətdə uğursuz seriyanın davam etməyəcəyinə heç bir təminat yoxdur.
Amma hərtərəfli imkanlara, sabit maliyyə dayaqlarına malik komandanın vəziyyəti belə olmamalıdır. Necə olur ki, bir həsir, bir məmmədnəsirdən ibarət komandalar daha yaxşı nəticələr göstərirlər, "Sumqayıt" isə turnir cədvəlinin ekvatorundan aşağıda var-gəl edir?
Bayaq "Araz-Naxçıvan"dan bəhs etdim, guya "Zirə"nin bircə stadiondan başqa hansı infrastrukturu var? Əsas komandası əvvəllər məşqlərini Bakı Olimpiya Stadionunda keçirdi, indi ordan da didərgin düşüb, harda məşq etdiyi də bilinmir. Amma hazırda üçüncü yerdə gedir.
"Sumqayıt"ın daim medallara iddialı, yüksək ödənişli və səviyyəli yerli və legioner oyunçuları, təcrübəli və nəticə vermiş baş məşqçisi, yüksək büdcəli kluba çevrilmə zamanı artıq yetişib. Elə azarkeşlərin də bu komandadan tələbi daha böyük olmalıdır. "Sumqayıt" I Liqaya düşmə dərdi yox, "planka"nı plintusun altında saxlamaqdan əl çəkməlidir!