
Bu gün Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı Kristal Zalının Sərgi Mərkəzində baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və turnirin tanıtım çarxı nümayiş etdirilib.
Federasiyanın prezidenti Mahir Məmmədov iştirakçıları salamlayıb.
“Azərbaycan dünyada aparıcı şahmat ölkəsi kimi tanınır. Ən aşağı yaş kateqoriyasından tutmuş ən ali yaş qrupuna qədər bütün şahmatçıları izləyirik", - deyən Məmmədov ölkədə şahmatın daim dövlət dəstəyi altında olduğunu vurğulayıb: "Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Açılışlarımıza FİDE (Beynəlxalq Şahmat Federasiyası - red.) prezidenti Arkadi Dvorkoviç də təşrif buyurur. Bilirik ki, Azərbaycanda şahmatın inkişafına ciddi diqqət yetirir. Buna görə Arkadi Dvorkoviçə təşəkkür edirəm. Gürcüstan Şahmat Federasiyası rəsmisinin də Bakıya gəlişi təsadüfü deyil. “Baku Open-2025”lə yanaşı, hər il “Chess Tour Azerbaijan” layihəsi keçiriləcək. Bu layihə bölgələrdə də baş tutacaq. Qonaqlarımızı salamlayır, xoş gəlmisiniz deyirəm. Şahmatçılarımıza isə masa arxasında şəffaf oyun arzu edirəm”.
Gənclər və idman naziri Fərid Qayıbov rəsmi şəxsləri və 16 ölkədən olan qonaqları beynəlxalq tədbirdə salamlayıb. O, turnirdə 700-dək şahmatçının iştirakı ilə maraqlı yarış izləyəcəklərini bildirib: "Aktiv çalışan AŞF bu cür yüksək səviyyəli yarışlarla yanaşı, qeyri-beynəlxalq turnirlər də təşkil edir. İldən-ilə həm qadın, həm də kişi şahmatçıların sayı artır. Bu, bizi sevindirir. Bu gün Bakı qonaqları küləklə qarşıladı. Ümid edirəm ki, növbəti günlərdə onlar günəşli havada gəzərək Bakının gözəlliyindən zövq alacaqlar”.
Öz növbəsində, Dvorkoviç Bakıya növbəti gəlişini özü üçün böyük şərəf saydığını bildirib. Qonaqpərvərliyə görə təşəkkür edən FIDE prezidenti açılış mərasimində yüksək səviyyəli insanların iştirakının Azərbaycanda şahmatın da elə bu səviyyədə inkişafından xəbər verdiyini vurğulayıb: "Türkiyə Şahmat Federasiyası rəsmisinin burada olması iki qardaş ölkənin birgə tərəfdaşlığının şahmatın inkişafına verdiyi töhfədən xəbər verir. Yəqin ki, şahmatçılarımız gözləməkdən yorulub, ilk addımlarını atmaq istəyirlər. Uşaqlar, eləcə də aralarında təcrübəli şahmatçıların daha böyük uğurlar əldə edəcəklərinə inanıram”.
Daha sonra AŞF-nin vitse-prezidenti, yarışın baş hakimi Faiq Həsənov bütün şahmatçılara uğurlar arzulayıb: "İndiyə qədər "Baku-Open"lərdə baş hakim olmuşam. Amma belə çox iştirakçı görməmişəm. Federasiya və dövlət tərəfindən göstərilən dəstək bizi sevindirir. Bu gün 8 yaşından tutmuş 60 yaşına qədər veteran şahmatçıların iştirakçıları bizi sevindirir".
Həsənov turnirin reqlamenti barədə də məlumat verib. Onun sözlərinə görə, mayın 6-dək davam edəcək "Baku Open-2025"də hər şahmatçıya 90 dəqiqə vaxt veriləcək. Əlavə vaxt isə 30 saniyədir. Turlar saat 15:00-da başlayacaq.
Açılış mərasimindən öncə isə AŞF və Türkiyə Şahmat Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözləşməyə Dvorkoviçin şahidliyi ilə lki qardaş ölkənin şahmat qurumlarının rəhbərləri - Mahir Məmmədov və Fethi Apaydın imza atıblar.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.