
Azərbaycan II Liqasında mayın 4-də çempionluğun taleyini həll edəcək “Şəfa” – “Şahdağ Qusar” oyunundan öncə meydan sahibi komanda biletlərin qiymətini 10 manata qaldırıb. Bakı təmsilçisi bunun ilk dövrədə Qusar klubunun azarkeşləri stadiona yalnız bilet əldə etdikdən sonra buraxacağını bildirməsi və 2 dəfə bilet qiymətini qaldırdırması ilə bağlı olduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki teleqraf qarşı tərəfin də mövqeyini öyrənmək üçün “Şahdağ Qusar”ın direktoru Elçin Cananova suallar ünvanlayıb:
- “Şəfa” klubunun biletin qiymətini qaldırmasının səbəbi ilə, yəqin, tanışsınız. Klub olaraq iddialara nə cavabı verərdiniz?
- “Şəfa” rəhbərliyinin belə açıqlama verməsi məni çox təəccübləndirdi. Niyə belə açıqlama vermələri maraqlıdır. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirdiyimiz ilk dövrənin oyununda rəqib komanda azarkeş gətirəcəyini dedi. Biz də həmin vaxt biletlərin qiymətini 2 manat təyin etmişdik. “Şəfa” rəhbərliyi qeyd edir ki, guya biz qiymətləri 2 dəfə qaldırmışıq. Hansı məbləğdən hansına qaldırılıb, onu heç kim sual vermir. Yəni “Siz bileti neçəyə almısınız?” sualını verən yoxdur. Sadəcə, bir məsələni qeyd edirlər ki, biletin qiyməti iki dəfə qaldırılıb.
- Bəs əslində necə olub?
- Belə şey ollmayıb. Biz onlara 400 manatlıq bilet satmışıq. Amma 250 azarkeş gətiriblər. Düşünün, 400 manata 250 azarkeşin bilet pulu nə qədər tutur? Heç 2 manat da etmir. Onların bizə ödədiyi məbləğ 400 manat olub. Həmin oyunun da videoları var. Baxın, “Şəfa” tərəfindən nə qədər azarkeş olub. Bu, yalan deyil. “Şəfa” bizə 400 manatdan bir qəpik artıq pul ödədiyi deyə bilərmi? Bilet 2 manat olub, Şamaxıda gətirdikləri azarkeşləri də saymamışıq.
- Adətən, oyunlarınız həftəiçi keçirilir. Bu dəfə bazar günü baş tutması çempionluqla bağlıdır?
- “Şəfa” Peşəkar Futbol Liqasına (PFL - red.) müraciət edərək, oyunu bazar gününə dəyişdirib. Bizim bundan xəbərimiz yoxdur. PFL hansı qərarı verirsə, o qərara əməl edirik. Oyun həftənin bazar gününə saldırılıb. Bizə də deyiblər ki, azarkeş marağı var. II Liqanın oyunları reqlamentə uyğun olaraq həftəiçi keçirilir. Amma bu oyun bazar gününə salınıb. Bizimlə də heç bir məsləhət aparılmadan edilib. Azarkeş üçün oyunu həftəsonuna salırlar, qiyməti də 10 manata qaldırırlar ki, azarkeş cəlb etsinlər, qarşlığında da pul qazansınlar. Halbuki, “Şəfa”nın azarkeşi yoxdur, demək olar, bizim azarkeşlərdir. Bilirlər ki, “Şahdağ Qusar” azarkeşi komandasını tək buraxmayacaq. Bu vəziyyətdən sui-istifadə edərək biletin qiymətini 10 manata qaldırıblar. Bakıda, Sumqayıtda yaşayan tələbələr, burada işləyənlər, rayondan gələnlər və s. var.
- Qiymətin 5 manat da deyil, 10 manat edilməsi, sizcə, nə ilə bağlıdır?
- Mən Azərbaycanda demək olar, bütün futbol matçlarına gedir, stadiondan baxıram. “Neftçi” – “Qarabağ” oyununda bilet 3-5 manatdır. Özüm “Neftçi Arena”nın yanında yaşayıram, hər dəfə “Neftçi”nin oyunlarına gedirəm, bütün qiymətlərdən də xəbərim var. Biletlərin qiyməti də 3 manatdır. Bahalı bilet olar, yəni 30-50 manata da satıla bilər. Amma sıravi azarkeş üçün bilet 2-3 manatdır. 10 manata bilet təyin etmək soyğunçuluqdur. Nəzərə alaq ki, bu gün futbol azarkeşinin böyük qismi gənc nəsildir, Bakıda, Sumqayıtda yaşayan tələbələrdir. Tələbə üçün 10 manat ciddi rəqəmdir. Tələbə olanlar başa düşər. Eyni zamanda, rayondan gələn azarkeş də təsərrüfat işləri ilə məşğul olanlar, idarələrdə işləyənlərdir. Rayonda yüksək əməkhaqqı yoxdur. Bir adam bağda işləyəndə, gündəlik qazancı 10 manat olur. Adam o 10 manatı yol puluna, yeməyinə versin, özünə su, yoxsa gətirib “ASK Arena”da bilet alsın?
- Bəs klub azarkeşlərinə hansısa dəstək göstərəcək?
- “Şəfa” tərəfi bizə müraciət etdi ki, siz azarkeş gətirəcəksiniz? Cavabında bildirdik ki, bizim azarkeş sayımız çox, onların xərcini qarşılayacaq imkanımız yoxdur. Azarkeşlər öz təşəbbüsü ilə gəlirlər, biz tərəfdən gətirilmirlər. Çünki 50-100 nəfər olsa, klub onu qarşılayar. Amma burada 1000 nəfərdən, yəni ciddi rəqəmdən söhbət gedir. Həm say, həm də məbləğ baxımından böyük rəqəmdir. Azarkeş istəyir gəlsin, gələcək də. Necə olacaq, onun məsuliyyəti “Şəfa”nın boynunadır. Heç kim də gəlib, 10 manata bilet alıb oyuna baxmayacaq.
- Bəs, bilet alınmasa, ona görə azarkeşsiz qalsanız, necə olacaq?
- Bir şeyə ki, bizim maddi imkanımız çatmır, çıxıb oyunumuzu oynayacağıq. Onu həftənin bazar gününə oyun salıb, stadiona azarkeş cəlb etmək istəyənlər düşünsün.
- “Şəfa” rəhbərliyinin bu məsələyə maddi aspektdən deyil, sırf intriqaya görə yanaşdığını düşünmək olarmı?
- Xeyr, burada heç bir intriqadan söhbət gedə bilməz. Klub olaraq, aramızda rəqabət var. Amma dostluğumuz da var. Düzü, bu davranışlarına qədər bizim onlara qarşı münasibətimiz fərqli idi. Nə baş verdiyini anlamır, heç zəng vurub soruşmuram da. Çünki bizdən futbolçu istəyiblər, göndərmişik. Bu da II Liqada ilk dəfə idi. Onlarla dostluq müqaviləmiz var, memorandum imzalamışıq. Azarkeş məsələsi niyə oldu, onu anlamadıq. Yenə də “Şəfa” rəhbərliyinə sual vermək lazımdır: “Siz biletə görə “Şahdağ Qusar”a nə qədər pul ödəmisiniz, hansı rəqəmdən söhbət gedir? Biletin qiymətini 3 dəfəyə qaldırmağımızı yox, birini neçəyə aldıqlarını demək lazımdır. Üç dəfə məsələsinə görə, hamı 30-40 manat düşünür. Halbuki, qiymət normalda 2-3 manata olub.
- Bu baş verənlərdən sonra klub olaraq münasibətlər nə yerdə olacaq?
- Bu, bizimlə “Şəfa” arasında olan məsələ deyil. Qarşı tərəfin adımızı hallandırması klub olaraq bizi çox təəccübləndirdi. Bu, azarkeşlə “Şəfa” klubu arasında olan məsələdir. Çünki azarkeş bazar gününü istəyib, klub tarixin dəyişdirilməsi üçün müraciət edib. Bizdən soruşan da olmayıb ki, siz istəyirsiniz, yoxsa istəmirsiniz? Biz planımızı qurmuşduq, 3-4 gün öncə açıqlandı ki, oyun 4 mayda olacaq. “Şəfa” azarkeşlərə cavab olaraq klubun rəhbərliyini bu məsələyə qatır. Bizi təəccübləndirən məsələ də budur. Biz azarkeş gətirmir, azarkeş üçün əlavə pul ayırmırıq. İnsanlar öz təşəbbüsləri ilə rayonda iş adamlarından, restoranlardan və s. pul toplayır və gəlirlər.
- Bu oyuna maraq necədir?
- Qusarın bütün küçələri bayraqlarla bəzədilib, rayonda bir başqa ab-hava yaradılıb, avtobuslara qədər danışılıb. İnanın ki, Quba, Qusar, Xaçmaz zonasında boş avtobus qalmayıb. Hamısı danışılıb ki, oyuna gətiriləcək. Çünki o bölgənin insanları futbolla, xüsusilə “Şahdağ Qusar”la nəfəs alırlar. Bu mövsüm klubumuzun nəticələri azarkeşləri razı salıb, komandanı sevirlər. Ona görə həmin bölgələrdən insanlar, Bakı və Sumqayıtda olan tələbələr hamısı gələcək. “Şəfa” da bunu görür və bilir ki, o azarkeş təzyiqinə dözməyəcək, stadiona girişi məhdudlaşdırmaq və qarşısını almaq üçün bu yollara əl atırlar. İnanıram ki, həmin oyunu izləyənlər azarkeşlərimizin necə möhtəşəm olduğunu görəcəklər