
İyunun 27-də velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı start götürəcək. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycanın ən güclü velosipedçilərinin müəyyənləşəcəyi yarış Gəncə, Samux və Daşkəsəndə təşkil ediləcək.
Gənclər və İdman Nazirliyi ilə birgə birgə təşkil olunan çempionatda federasiya nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparacaq. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 5 üzvü, müvafiq olaraq Elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Məhəmməd Ələkbərov, Tural İsgəndərov və Samir Cəbrayılovun da iştirakı yarışa olan marağı daha da artırır. Yeri gəlmişkən, "Synergy Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasında olacaq.
Yarışın proqramına əsasən, iyunun 27-də Samux rayonunda Elit, U-23 və gənclər 30 km, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 15 km məsafəyə fərdi ötüşmədə (time trial) mübarizə aparacaqlar. İyunun 28-də U-17 yaş qrupu üzrə velosipedçilər Samuxda 70 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionunu müəyyənləşdirəcəklər. Nəhayət, iyunun 29-da, ölkə çempionatının sonuncu günü Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 km məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediləcək.