Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb. Sportnet.az-ın məlumatına görə, yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərindən ən yüksək nəticəyə Maksim Averin imza atıb.
Yığma komandanın üzvü 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə, 14 saniyə sonra başa vurmaqla yekunda 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. Averin həmçinin sprinterlərin mübarizəsində 2-ci olub.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayırlar.