"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən fərqli olaraq, 6 komandanın hamısı hesabat turunu qələbə ilə başa vurub.
Yunanıstan Super Liqasının VIII turunda "Qəbələ"nin hazırkı rəqibi PAOK "qırmızı-qaralar"ın Avroliqanın "pley-off"unda mübarizədən kənarlaşdırdığı "Panatinaikos"u evdə məğlub edib - 3:1. Meydan sahiblərindən penalti ilə Dimitar Berbatov (dəq. 28), eləcə də Harri Rodriges (dəq. 31) və Migel Vitor (dəq. 42), qonaqlardan isə penaltidən Nikolaos Karelis (dəq. 74) fərqlənib. Bu qələbədən sonra PAOK 14 xalla 4-cü pilləyə yüksəlib, "Panatinaikos" 18 xalla 2-ci mövqedə qalıb.
Almaniyanın "Borussiya" (Dortmund) komandası X turda Avroliqada mübarizəni davam etdirən Bundesliqanın digər təmsilçisi "Auqsburq"u darmadağın edib - 5:1. Pyer Emerik Obameyanq Bakıda olduğu kimi, Dortmundda da 3 qol vurub. O, 18-ci, 85-ci və 90+1-ci dəqiqələrdə fərqlənib. "Borussiya"nıın qalan 2 qoluna 21-ci və 33-cü dəqiqələrdə Marko Röys imza atıb. "Auqsburq"dan isə 49-cu dəqiqədə Raul Bobadilla fərqlənib. Bundesliqada 2-ci yerdə gedən Dortmund komandası bu qələbədən sonra xallarını 23-ə çatdırsa da, lider "Bavariya"dan 7 xal geri qalır.
"Krasnodar" Rusiya Premyer Liqasının XIII turunda ölkənin Avroliqadakı digər təmsilçilərindən olan "Rubin"i evdə yenib - 2:1. Meydan sahiblərindən 17-ci və 24-cü dəqiqələrdə Ari, qonaqlardan 21-ci dəqiqədə Maksim Kanunnikov qol vurub. Bu qələbədən sonra "Krasnodar" 18 xalla 8-ci pilləyə yüksəlib.
"Qarabağ"ın rəqiblərinə gəldikdə, "Tottenhem" də İngiltərə Premyer Liqasında turu 5:1 hesablı qələbə ilə başa vurub. Londonlular səfərdə "Bornmut"u darmadağın edib. Meydan sahiblərindən Mett Ritçi artıq 1-ci dəqiqədə hesabı açsa da, 9-cu, 56-cı və 63-cü dəqiqələrdə Harri Keyn (penalti ilə), 17-ci dəqiqədə Mussa Dembele, 30-cu dəqiqədə Erik Lamela fərqlənib. Bu qələbədən sonra "Tottenhem" 17 xalla 6-cı pilləyə yüksəlib.
"Monako" "Qarabağ"la ev oyununda olduğu kimi, səfərdə də "Reyms"i yenib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Bernardo Silva vurub. Hazırda "Monako" Fransa I Liqasında 11 oyundan 17 xalla 8-ci pillədədir.
Nəhayət, Belçika "Anderlext"i evdə "Brügge"yə 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qollarını 12-ci dəqiqədə Stefano Okaka, 47-ci dəqiqədə İmo Esekyel, 57-ci dəqiqədə Dennis Pret vurub. Qonaqlardan isə 67-ci dəqiqədə Abdulay Diabi fərqlənib. Bu qələbədən sonra "Anderlext" xallarını 25-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, "Qəbələ" Bakıda "Borussiya"ya 1:3, "Qarabağ" səfərdə "Monako"ya 0:1 hesabı ilə uduzub.