"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarına çıxıblar. Sportnet.az-ın məlumatına görə, 3 komandadan 2-si meydanı qələbə ilə tərk edib.
Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının XI turunda "Verder"ə səfərdə qalib gəlib - 3:1. "Sarı-qaralar"ın qollarını Marko Röys (dəq. 9; 72) və Henrix Mxitaryan (dəq. 44) vurub. Bremen komandasından isə Entoni Uca fərqlənib. Bu qələbə sayəsində "Borussiya" xallarını 26-ya çatdırsa da, ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 31 xala malik "Bavariya" başçılıq edir.
"Krasnodar" da Rusiya Premyer Liqasının XIV turunda "Krılya Sovetov"la səfər matçından qələbə ilə ayrılıb - 4:0. Pavel Mamayevin "dubl" etdiyi (dəq. 37; 78) oyunda digər qolları Fyodor Smolov (dəq. 61) və Ari (dəq. 87) vurub. Bu qələbə xallarını 21-ə çatdıran "Krasnodar"ı 7-ci pilləyə yüksəldib.
PAOK isə Yunanıstan Super Liqasının IX turunda "Asteras"a səfərdə uduzub - 1:2. Məğlub komandadan ilk yarıda Dimitrios Pelkas (dəq. 23) hesabı açsa da, fasilədən sonra Fakundo Bertolyo (dəq. 49) və Xalifa Sankare (dəq. 82) fərqlənərək, Tripolis komandasına qələbə qazandırıb. Hazırda PAOK 14 xalla 6-cı pillədədir.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında növbəti oyununu noyabrın 5-də Dortmundda "Borussiya"ya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.