1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sevinəkmi?
Anar ŞABANOĞLU
İdmançılara zaman-zaman acıyıram. Həyatları, ömür-günləri, cavanlıqları məşqlərdə, təlim-məşq toplanışlarında keçir.
Amma dövlətimiz bu əziyyəti artıqlaması ilə dəyərləndirir və açığını deyim ki, əndazəni aşır. Olimpiya çempionu olmuş azərbaycanlının bununla da karyerasını bitirməsi dediklərimə bariz sübutdur. İdmançı həyatı davam edir. Elnursuz, Fəridsiz və s. Amma bu və buna bənzər neçə idmançımız ikiqat olimpiya çempionu kimi tarixinə düşə bilərdi. Bəli, Amerika, Avropada yaşasaydılar...
Rüstəm Orucovun "gümüş”ünə çox üzüldüm. Bu oğlan ən böyük "qızıl” ümidlərimizdən idi. Finaldan öncə dəyər verdiyim həmkarımın Rüstəmə işarə ilə "ağdamlı dağıdacaq" tipli statuslarını görüb bir az diksinmişdim. Belə dar çərçivəli düşüncə tərzimizi unudub finala baxdım. Qızıl ümidimiz gözləntiləri puç etdi.
"Ağdamlı Rüstəm"in məğlubiyyətini İTV-də şərh edən həmkarımın isə bu, sanki eyninə də deyildi. "İlk medalımız gəldi, tarixə düşdü-filan". Sanki Rüstəm ipponla məğlub olmamışdı, əksinə, ipponla qalib gəlmişdi.
Qardaşlar, yoldaşlar, həmkarlar, bir az özümüzə hörmət edək! Nə Ağdam, nə tarix, nə zad? Uduzduq... Cüdoda ən böyük ümidimiz uduzdu... Məğlubiyyətə niyə sevinək? Bəyəm 1996-cı ildir ki, Namiq Abdullayevin gümüşü qızıla bərabər olsun?!
Sosial şəbəkələrdə də Rüstəmin "gümüş”ündən çox onun alacağı yüzminlər əsas mövzuya çevirildi. Ölkədəki durumu nəzərə alsaq, ən azı ikinci, üçüncü yeri tutan idmançılara bu qədər pul mükafatı verilməməli idi. Yenə də halal xoşları. Amma məğlubiyyət bu şəkildə təqdim edilməməlidir!
Rüstəm qalib gəlmədi, məğlub oldu! Bunu qoyaq bir kənara.
Mənim üçün Rüstəmin gümüşü, Elvin Məmişzadənin bürüncü (qızıl qazanacağına inanıram) legionerlərimizin qızılından daha dəyərli olacaq. Bu ölkənin legionerə ehtiyacı yoxdu. Azərbaycan idmanının yetişdirdiyi 5-10 idmançı ilə olimpiadaya qatılmaq bundan qat-qat şərəflidir. Öz idmançılarımıza nə qədər pul verilsə də, deyərik haqqlarıdır, medalları da rənginə baxmayaraq çox hörmətli qəbul olunar.
Nə isə, Rioda idmançılarımıza uğurlar. Ötən olimpiadadakından ən azı bir medal artıq qazanacaqlarına əminəm. Bəlkə ümumi reytinqdə də ötən olimpiadalarla müqayisədə daha üst yerlərə gəldik. Amma nə olsun?