"Çətin oyunun alınacağını bilirik. Hazır olacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu İtaliya "Napoli"sinin futbolçusu Alessandro Buoncorno noyabrın 25-də evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
26 yaşlı müdafiəçi sabahkı görüşün onlar üçün daha böyük önəm kəsb edəcəyini açıqlayıb: "Noyabrın 25-də komandamızın əfsanəsi Dieqo Armando Maradonanın vəfatının 5 illiyi tamamlanacaq. Ona görə də bu matç bizim üçün daha böyük anlam kəsb edəcək. Qələbə qazanacağımıza ümidvarıq. Bu halda, qalibiyyəti ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir. Seriyamızı davam etdirməyə çalışacağıq".
Buoncorno "Qarabağ"ı güclü komanda kimi dəyərləndirib: "Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Bu, hər iki hissədə hamıdan böyük səy tələb edəcək oyundur. Biz qarşılaşmaya mümkün qədər yaxşı yanaşacağıq. Çox güclü rəqibimiz var, ehtiyatlı olmalıyıq. Çoxlu fərdi mübarizə olacaq. Həm biz, həm də onlar təzyiq göstərəcək. Qələbə özümüzdən asılı olacaq".
Qeyd edək ki, Neapol şəhərindəki Dieqo Armando Maradona stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.











































































