İmişlinin yarımmüdafiəçisi İdris İnqilablı səfərdə “Neftçi”ni 3:2 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra Sportnet.az-a müsahibə verib.
– Çox yaxşı oyun keçdi. İki dəfə hesabda geri düşməyimizə baxmayaraq, oyunu çevirə bildik və buna görə çox xoşbəxtik.
– İlk oyunda “Neftçi” ilə heç-heçə etmişdiniz, bu dəfə isə səfərdə qələbə qazandınız. Bu barədə nə deyə bilərsiniz?
Milli fasilədə 14 gün istirahət vaxtımız oldu. Ondan düzgün istifadə etdik və bu oyuna çox yaxşı hazırlaşdıq.
– Azərbaycan Kubokunda ilk oyunda “Sabah”ı məğlub etmisiniz. Komandanızda avrokubok motivasiyası varmı?
Bəli, “Sabah”ı ilk görüşdə məğlub etdiyimiz kimi cavab oyununda da qələbə üçün meydana çıxacağıq. Onlar son Azərbaycan kubokunun qalibidir. Cavab matçında da qalib gəlsək, avrokuboklara düşmək üçün özümüzdə daha böyük motivasiya tapacağıq.
– Komandanız təbii ot örtüyündə daha yaxşı təsir bağışlayır. Lakin “Araz Naxçıvan” və “Qarabağ”la oyunlarda xal itkisi oldu. Fərq nədədir?
Təbii ot örtüyündə oynayanda istək daha çox olur. Həmçinin bəzi oyunların günorta vaxtına salınması müəyyən çətinliklər yaradır.
– Mövsümün əvvəlində komanda daha çox tənqid olunurdu. Amma indi bunun əksinə olaraq yaxşı performans göstərirsiniz.
Bəli, biz həmin tənqidlərə fikir vermirdik. Bilirdik ki, mövsüm başlasın, hər şey yoluna düşəcək.
– Bu oyunda vurduğunuz 3 qolun 2-si standart vəziyyətlərdən gəldi.
Bəli, standart vəziyyətlər üzərində çox işləyirik. Hər sonuncu məşqdə təxminən yarım saatı bu epizodlara həsr edirik.












































































