
Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində keçirilən komandalar arasında Avropa çempionatında 6 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 3-cü Divizionda yer alan Azərbaycan milli komandasının son yarış günündə mübarizə aparan üzvlərindən 4-ü ilk üçlüyə düşüb.
İyunun 24-də 100 metr məsafəyə qaçışda qalib olan Əlhəm Nağıyev bu dəfə 14 iştirakçı arasında 200 metr məsafəni 20.75 saniyə nəticə ilə hamıdan tez qət edib.
100 metr məsafəyə qaçışda 2-ci olan Lamiyə Vəliyeva 200 metrlik məsafədə də 23.58 göstərici ilə eyni nəticəni göstərib.
Vəliyeva bu nəticə ilə Azərbaycan rekordunu yeniləyib.
Üç təkanla tullanmada Rüstəm Məmmədov 16.31 metr nəticə ilə 1-ci yeri tutub.
Eyni növdə qadınların yarışında Yekaterina Sariyeva 13.87 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Ümumi hesabda 315.5 xal toplayan Azərbaycan millisi yarışı 15 ölkə arasında 6-cı sırada başa vurub.