Azərbaycan Triatlon Federasiyası (ATF) Zəngilanın Ağalı kəndində duatlon üzrə Qarabağ Xatirə Turniri keçirəcək.
Sportnet.az məlumatına görə, bu barədə ATF-nin prezidenti Elçin Əliyev qurumun açıq konfransında açıqlama verib.
Onun sözlərinə görə, turnir 27 sentyabr - Anım Gününə həsr olunacaq və 1-2 oktyabrda baş tutacaq. E.Əliyev bu məqsədlə kənddə 750 metr uzunluğu və 450 metr enində göl salınacağını açıqlayıb. O, Ağdamda isə duatlon yarışı təşkil etmək istədiklərini bildirib.
Federasiya prezidenti tədbirdə qurumun inkişaf strategiyasını da təqdim edib. Əliyev peşəkar, yüksək nəticə göstərən idmançılarla 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında geniş tərkibdə çıxış etməyə çalışacaqlarını bildirib. O, Paris-2024-də isə Rostislav Pevtsovla təmsil olunmağı hədəflədiklərini söyləyib.
Daha sonra E.Əliyev qurum rəhbərliyini və idmançılar heyətini təqdim edib.