Azərbaycan millisinin Ukrayna əsilli atleti Anna Skidan hazırda Türkiyənin Antalya şəhərindədir.
Sportnet.az xəbər verir ki, bu barədə atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Bəhruz Salehli məlumat verib.
Təcrübəli mütəxəssis çəkicatma növündə çıxış edən 30 yaşlı idmançının məşqlərini qonşu ölkədə davam etdirdiyini bildirib: "Anna bir müddət əvvəl milli komanda ilə Antalyada təlim-məşq toplanışında idi. Bizim yerli idmançılar Bakıya qayıtdı, o isə Türkiyədə qaldı. Atlet federasiyanın maliyyə dəstəyi ilə məşqlərini orada davam etdirir".
Salehli Skidanın Bakıya gəlməməsinin səbəbini də açıqlayıb: "Burada çəkicatma növündə elə də yaxşı şəraitimiz yoxdur. Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ" klubunun balansındadır. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda isə tələbələr məşq keçir. Bu səbəbdən, Anna Skidanın Antalyada qalması məqsədəuyğun sayıldı. Orada Moldova və Türkiyədən olan mütəxəssislərlə çalışır, şəxsi məşqçisini yaş məhdudiyyətinə görə Ukraynadan çıxara bilmədik. Anna Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında əsas medal ümidlərimizdən biri olacaq".
Qeyd edək ki, Anna Skidan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 30 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni təsnifat mərhələsində dayandırıb.
Report