Baxın, gənc və dinamik ölkə. Hazırda Azərbaycana hər şeydən öncə reklam və ölkə tanıtımı lazımdır. Mən həm də Marketinq Universitetini bitirmiş mütəxəssisəm. İnanın, Azərbaycan dövləti öz ölkəsini tanıtmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə bundan 5 dəfə çox pul ayırsaydı, dünyada ölkəsini belə tanıtmazdı.
Gənclər və İdman Nazirliyinin, AFFA-nın da xidmətlərini yaddan çıxarmamalıyıq. Mən indiyədək AFFA-nın etdiyi səhvləri necə açıq ürəklə tənqid etmişəmsə, indi də "iğidi öldür, amma haqqını ver" misalı təbrik etməliyəm.
Baxın, İspaniya dövləti illərdir öz ölkəsini tanıtmaq üçün "Real Madrid" klubu vasitəsilə qorxunc məbləğdə sərmayələr sərf edir, hər il dünyanın ən bahalı futbolçularını İspaniyaya, konkret, "kral klubu"na transfer edir. Yaxşı, bunu niyə İspaniyadan da zəngin dövlətlər - Almaniya, İngiltərə və ya Fransa etmir? Çünki İspaniya dövləti turizmlə dolanır. Bu məqsədlə ölkəni tanıtmaq üçün idman, konkret futbol bir tanıtım və reklam sektoru kimi istifadə olunur. Bu reklamın qarşılığında İspaniya dünyada turizimdən hər il 50 milyard dollar qazanır.
Azərbaycan da cavan ve dinamik dövlətdir, tanıtıma çox ehtiyacı var. Bu üzdən 2020-ci ildə keçiriləcək bu 4 qarşılaşma ölkənin tanıtımına çox yardımçı olacaq. Əvəzində Azərbaycan dövləti həm siyasi, həm iqtisadi, həm də idmanda çox böyük uğurlar qazanacaq. Bir daha belə təşkilatçılıq hüququnun qazanılmasında əməyi olan hər kəsi təbrik edir və uğurlar arzulayıram. Ümidvaram ki, Azərbaycan milli komandası da 6 il sonra öz evində oynanılacaq bu yarışda yer alacaq və çempionata daha fərqli bir anlam qazandıracaq.
Namizəd şəhərlər sırasında İstanbul da vardı. Amma Türkiyə Futbol Federasiyası (TFF) ölkənin ən böyük şəhərinin namizədliyini geri götürdü. Bu qərarı anlamaq hardasa mümkündür. Hər halda Türkiyə Avropa çempionatını təkbaşına təşkil etmək istədi. Bunu da UEFA uyğun görmədi, Avropanın müxtəlif şəhərlərində təşkilini məqsədəuyğun saydı. Əvəzində Türkiyə bu qərarı qürur məsələsi sayaraq, İstanbulun namizədliyini geri götürdü.
Məncə, TFF haqlıdır. Çünki köhnə sistem, yəni, belə çempionatların bir və ya iki dövlətdə təşkili daha anlamlı və diqqətçəkən olardı. Amma UEFA-nı da başa düşmək lazımdır. Hər halda futbolun daha çox populyarlaşması üçün oyunların bir neçə ölkədə keçirilməsinin faydalı olacağını düşünərək, belə qərar qəbul ediblər.
Naci ŞENSOY