
AVRO-2016-nın seçmə qrup mərhələsində III turun Xorvatiya - Azərbaycan oyununu idarə edəcək Stefan Ştuder milli komandamıza tanış simadır. Sportnet.az-ın məlumatına görə, isveçrəli fit sahibi daha öncə də millimizin oyununda ədaləti qoruyub.
Ştuder AVRO-2012-nin seçmə oyunları çərçivəsində 7 oktyabr 2011-ci ildə keçirilmiş Azərbaycan - Avstriya oyununda fit sahibi olub. Yığmamızın 1:4 hesabı ilə məğlub olduğu matçda referi Saşa Yunisoğlunu meydandan qovub. Maraq üçün deyək ki, avstriyalılarla oyun Yunisoğlunun millimizdəki son çıxışı olub. Bəs görəsən, kimdir bu Stefan Ştuder?
39 yaşlı referi 1982-1987-ci illərdə İsveçrənin birinci Liqasında mübarizə aparan "Qrand Lansi" klubunun şərəfini qoruyub. Lakin zədə səbəbindən futbol karyerasına erkən son qoyaraq bu sahədəki fəaliyyətini hakim kimi davam etdirib. 2011-ci ildən FİFA referisi adını alan Ştuder hazırda hospitalda direktor vəzifəsində çalışır.
Ştuder ötən il DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Sofiyada oynanılan Bolqarıstan - Ermənistan qarşılaşmasının baş hakimi olub - 1:0. Qırmızı vərəqəyə meylli regeri həmin matçda ümumilikdə 3 futbolçunu meydandan qovub. Bu, isveçrəli referinin karyerası ərzində ən çox vərəqədən istifadə etdiyi oyun olub. Ştuder əlini ümumilikdə 12 dəfə cibinə aparıb. 9 sarı vərəqədən istifadə edən baş hakimin qovduqlarından 2-si üzdəniraq qonşularımızın futbolçuları Marko Pitselli və Gevorq Kazaryan, digəri isə Bolqarıstan millisindən Svetoslav Dyakov olub. Pitselli və Dyakov bir-biri ilə dalaşmaları, Kazaryan isə topdaşıyan uşağı vurması səbəbindən qırmızı vərəqə alıb.
39 yaşlı ədalət təmsilçisinin cari mövsüm son rəsmi görüşü Avropa Liqasının qrup oyunu olub. O, oktyabrın 2-də Belçikada "Lokeren"lə Ukrayna "Metallist"i arasındakı matçda fit çalıb - 1:0.
Əlavə edək ki, qrup lideri Xorvatiyanın millimizlə mücadiləsində Ştuderə Sandro Potsi və Jan-İves Vişt yan xətt kimi qismində kömək edəcəklər. Görüşün 4-cü hakim funksiyasını Vital Jobin yerinə yetirəcək. Əlavə hakimləri Alen Byeri və Saşa Amhof olacaq dueldə UEFA nümayəndəsi polşalı Mixal Listkeviç, hakim-inspektor isə şimali irlandiyalı Lesli İrvayndır.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı oktyabrın 13-də Osyek şəhərində, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.