Hazırda İspaniya "Sevilya"sında çıxış edən Sesar Aspilikueta karyerasını başa vurmağı qərara alıb.
Sportnet.az xəbər verir ki, 36 yaşlı müdafiəçi mövsümün sonunda peşəkar futbolçu kimi butslarını mıxdan asacağını bildirib.
Təcrübəli oyunçu sosial şəbəkə hesabında paylaşdığı emosional mesajda futbol həyatına yekun vurduğunu bildirib. O, 20 illik karyerası ərzində qazandığı uğurları, qarşılaşdığı çətinlikləri və tanış olduğu insanları heç vaxt unutmayacağını qeyd edib.
Aspilikueta uşaqlıq illərində şəhərində futbola başladığını və həmin dövrdə belə möhtəşəm karyera yaşayacağını təsəvvür etmədiyini vurğulayıb.
İspaniyalı futbolçu karyerası ərzində İspaniyanın "Osasuna" və "Atletiko Madrid", Fransanın "Marsel", İngiltərənin "Çelsi" kimi klublarının formalarını geyinib. O, həmçinin millidə də çıxış edib.
Aspilikueta ən böyük uğurlarını “Çelsi”də qazanıb. London təmsilçisi ilə UEFA Çempionlar Liqasının, Avropa Liqasının, İngiltərə Premyer Liqasının və Klublararası dünya çempionatının qalibi olub. O, uzun müddət komandanın kapitanı kimi də çıxış edib.











































































