"Növbəti illərdə Kəlbəcərdə də veloyürüş keçirilə bilər. Bunun yolun hazır vəziyyətə gətirilməsindən sonra gerçəkləşməsi mümkündür".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı -Xankəndi veloturunun təşkilat komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında deyib.
O bildirib ki, yarışın Xankəndidə yekunlaşmasına böyük önəmi var: "Biz bunu bütün dünyaya çatdırmalı və hər kəsin şüuraltında möhkəmləndirməliyik. Yarışdan sonra böyük konsert proqramı təşkil edəcəyik".
Ələkbərov 50 min avro mükafat fondunun Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) köçürüləcəyini və mükafat bölgüsünün UCI tərəfindən aparılacağını bildirib.
O, yollarda avtomobillərin hərəkətində ciddi məhdudiyyətlərin olmayacağını açıqlayıb: "Düşünürəm ki, heç kəsə narahatlığımızı olmayacaq. Küçələrdə müəyyən müddətlik hərəkət dayandırılacaq. Rayon yollarında isə avtomobillər alternativ yollardan istifadə edəcəklər. Qarabağ ərazisinə giriş xüsusi icazə ilə olacağından, heç bir məhdudiyyətlə qarşılaşmayacaqlar".



















































































