
- Bir neçə gün öncə bir sorğu keçirmişdik. Sual belə idi: İtaliya və Xorvatiya ilə matçlar Foqtsun fəaliyyəti üçün həlledici olar, ya yox. Həmin vaxt demişdiniz ki, Foqts Norveçlə qarşıdakı oyunu da düşünməlidir. Bəs belə nəticədən sonra necə düşünürsünüz?
- Düşünürəm ki, artıq vaxtdır. Oyundan sonra Foqts özü də bir növ getməyə hazırlaşdığına işarə vurub. Mən də bir həmkar kimi əvvəllər Foqtsu dəstəkləmişəm. Ona görə ki, bizim milli komandanı çalışdırır. Ancaq həqiqət budur ki, Berti Foqtsun gücü tükənib. Bizə xeyir vermək iqtidarında deyil.
- Bəs millimizin oyun üslubu, Foqtsun əvəzləmələri nə qədər məntiqli idi?
- Məncə, oyunla bağlı nəsə danışmağa, şərhə ehtiyac yoxdur. Foqts ilk dəqiqələrdən 5 müdafiəçi ilə meydana çıxaraq, tam yeni bir oyun modelinə al atmışdı, amma alınmadığını erkən qollar göstərdi. Dərhal uğursuz əvəzetməyə əl atdı. Ağabala Ramazanovun oyuna qoşulması məğlubiyyətlə barışmaq, oyundan sonra özünə bəraət qazanmaq üçün bir gediş idi. Bu, Foqtsun birbaşa özünüsığortadan irəli gəlirdi ki, danışanda desin ki, gəncləşdirmə siyasəti aparıram. Onun variantının iflasa uğradığı göz qabağındadır. Ağabala çox istedadlı futbolçudur, gələcəyi var. Lakin onun meydana çıxması, aydın məsələdir ki, Foqtsun özünü müdafiəsi idi. Komandada elə futbolçular var ki, oyunu gücləndirə bilərdilər, vəziyyətin bəlkə də bu həddə çatmasının qarşısını ala bilərdilər.
- Yeri gəlmişkən, baş məşqçinin heyətdə gəncləşdirmə apardığını bildirir...
- Bu gün dünyada konkret "gəncləşdirmə" deyə bir anlayış yoxdur. Kim ən güclüdürsə, kim layiqdirsə, milli komandada oynayır və oynamalıdır da. İkinci tərəfdən, gəncləşdirmədən söhbət gedirsə, 2002-ci ildə İtaliya ilə oynayan komandamızın heyətinə, onların yaşlarına baxın. Ən vacibi və mənim ən bəyənmədiyim şey budur ki, İtaliyadan başlayıb Xorvatiyada yekunlaşan ardıcıl məğlubiyyət selindən sonra da Foqts özündə günah görmür. Ümumiyyətlə, Foqts həmişə belədir, özünü çəkib qoyur kənara, günahı futbolçuların üstünə atır. Millidə baş məşqçi kimi konkret ayrı-seçkilik edir. Halbuki millinin nəticələrinə cavabdeh olan əsas şəxs məhz elə Foqtsun özüdür. Amma indiki halda özündən başqa hamını günahlandırır. Gör, nə həddə gəlib çatıb ki, Xorvatiya ilə oyundan sonra deyir ki, mənim səhvim futbolçulardan az olub. Bu da o deməkdir ki, Berti Foqtsun komandası sırf komanda kimi fəaliyyət göstərmir. Müsahibələrini oxuyuram, özünü konkret milli komandadan ayırır. Ona yaradılan şəraitdən narazıdır. Deyir ki, azərbaycanlı futbolçular pulu fikirləşir, öz üzərlərində işləmirlər. Ancaq görünən budur ki, Foqts Azərbaycan futboluna, Azərbaycan millisinə xeyir verə biləcək gücdə bir məşqçi deyil.
- Foqts deyib ki, 2008-ci ildə Azərbaycan İtaliya ilə oynasaydı, 5-6 top buraxardı. Maraqlıdır, bəs həmin ildə Azərbaycan millisi Xorvatiya ilə oynasaydı, neçə top buraxardıq?
- Axır vaxtlar Foqts barəsində sərt, tənqidi fikirlər səsləndirirsiniz. Bu da birmənalı qarşılanmayıb...
- Sizə verdiyim əvvəlki müsahibələrdə də mən Foqtsu tənqid etməmişəm, çünki həmkarıq onunla. Bilirsiniz, nədən narazıyam? Berti Foqts özündən başqa hamıda günah görür. Buna görə əsəbləşir adam. Millidə kim çalışıbsa, həmişə dəstək olmuşam. Çünki milli komanda şəxsi deyil, hamımız uğur qazanmasını istəməliyik. Ancaq bu gün Foqts özündən savayı hər kəsi günahlandırır. Mən bununla qane ola bilmərəm. Milli komandada xeyli işləmişəm. Kimsə barəmdə nəsə fikirləşirsə, çox səhv edir. Ona görə ki, millidə işləmək istəsəydim, əvvəl də bunu edərdim. Mən özüm millidən istefa vermişəm, mənə müqaviləni uzatmaq da təklif olunub. Vaqif Sadıqovun öz fikri var, haçan lazımdırsa, deyirəm. Kiminsə xoşuna gəlmək üçün danışmıram. Heç kimin qabağında başıaşağı, gözükölgəli deyiləm. Əlbəttə, əgər bu gün Vaqif Sadıqov Azərbaycan futboluna lazımdırsa, canımdan keçməyə də hazıram. Lazım deyilsə, oturub kənardan izləyirəm. Amma indiki halda sadəcə, heyfslənirəm... Bu qədər vaxt verdik Foqtsa, bu qədər zaman itirdik, inanırdıq ki, uğur qazandırar millimizə. Bu da son.