
Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Bu barədə Sportnet.az-a İK üzvü Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, toplantı Azərbaycan milli komandasının noyabrın 16-da Norveç yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə qrup oyununadək baş tutacaq. İclasda yığmamızın baş məşqçisi Berti Foqtsun taleyi və seçmə mərhələdənin ilk 3 turundakı uğursuzluqlar müzakirə olunacaq.
Lakin Rəhimov toplantının dəqiq vaxtını AFFA rəhbərliyinin müəyyənləşdirəcəyini bildirib: "Biz təklif vermişik ki, yığışıb məsləhətləşək. Görək bu işlərin axırı necə olacaq. Nə isə bir qərar qəbul edilməlidir. Norveçlə oyuna qədər İcraiyyə Komitəsinin toplantısını keçirmək lazımdır. 3 oyundan 0 xal toplamağımız həyəcan siqnalının çalınmağı deməkdir. Bu gün vəziyyət yaxşı deyil. Norveçlə matça qədər nə isə edib özümüzü göstərməliyik ki, biz varıq. O oyunda da nəsə olmasa, artıq ciddi addımlar atılmalıdır. Mənim öz fikirlərim var, onu açıqlamaq istəmirəm.Amma hər halda yaxın vaxtlarda AFFA rəhbərliyi ehtiyac görərsə, biz toplaşarıq".
Qeyd edək ki, Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra Berti Foqts belə şəraitdə davam edə bilməyəcəyini və müqaviləsini pozmaq üçün meneceri ilə danışacağını açıqlayıb.