“Barselona”nın hücumçusu Robert Levandovski gələcək karyerası ilə bağlı danışıb.
Sportnet.az xəbər verir ki, polşalı futbolçu fiziki durumunun yaxşı olduğunu bildirib və müxtəlif variantları nəzərdən keçirdiyini deyib:
“Demək olar ki, 38 yaşım var, amma fiziki baxımdan özümü yaxşı hiss edirəm. Buna görə fərqli seçimləri dəyərləndirirəm. Artıq təkcə oynamağı yox, həyatdan zövq almağı da düşünməliyəm. Daha aşağı səviyyəli liqalara keçid? Ola bilər, bunu istisna etmirəm”.
Təcrübəli hücumçu müqaviləsinin başa çatmasına təxminən 50 gün qaldığını və bu müddətdə gələcəyi ilə bağlı qərar verəcəyini vurğulayıb:
“Bir neçə təklifi dinləyəcəyəm, sonra qərarımı verəcəyəm. Hazırda olduğum yeri qiymətləndirirəm və burada olmaqdan məmnunam. Gələcəkdə nə olacağını görəcəyik. Amma bir şeyi dəqiq deyə bilərəm – karyeramı davam etdirəcəyəm”.
Qeyd edək ki, Levandovski bu mövsüm “Barselona” ilə İspaniya çempionu olub.


















































































