"Avropanın ən güclü komandalarından birinə qarşı çıxış edəcəyik. Çalışacağıq ki, səhvsiz oynayaq və yaxşı nəticə üçün əlimizdən gələni edək". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Ukrayna "Dnepr"i ilə Avropa Liqası matçından öncə mətbuat konfransında deyib.
O bildirib ki, komandasının qrupdakı rəqibləri müəyyənləşdikdən sonra onların oyunlarına imkan daxilində baxmağa çalışıb. Şehiç "Dnepr"lə qarşılaşmaya köklənmələrinin vacibliyini də dilə gətirib: "Avroliqanın qrupuna düşəndən sonra rəqiblərimizin oyunlarına daha çox baxmağa çalışmışıq. "Dnepr"in "Çernomorets"lə görüşünə və ötən mövsümkü oyunlarına baxmışıq. Demək olar ki, rəqib güclüdür və özümüzü bu oyuna kökləməliyik".
Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçı saat 21:00-da başlanacaq.