Azərbaycan milli komandasının baş məşqçisi Mahmud Qurbanov Norveç yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə qarşılaşma barədə danışıb...
- Xorvatiya
və İtaliyaya məğlubiyyətdən sonra yenidən evdə oynayacağıq. Norveç millisinin nə
qədər çətin və güclü rəqib olduğunu anlayırıq. Sabah yaxşı oyun göstərərək, uğurlu
nəticəyə ümid edirik. Futbolçulara inamımız çoxdur. Sabahkı oyunda onlardan çox
şey gözləyirik.
- Cəmi 1 oyunluq baş məşqçi olacaqsınız. Bu, Sizin sabahkı oyunda məsuliyyət yükünüzü azaltmır?
- Mən məsələyə fərdi yanaşmazdım. Çünki bu, milli komandadır. 1 oyunluq olsa da, millinin baş məşqçisiyəm. Arxayınçılıq yox, məsuliyyət hissi keçirirəm. Oyunun məsuliyyəti ağırdır.
- Yığmamız hər tsikldə bir sensasiya
gerçəkləşdirir. Qələbə qazansanız, bu postda qalma şanslarınız arta bilərmi?
- Sabahkı
oyuna proqnoz vermək düzgün çıxmaz. Bu suala cavab vermək tezdir. Məndə olan
məlumata görə, hazırda baş məşqçi axtarışı gedir. Məqsədimiz yaxşı oynayaraq,
qalib gəlməkdir.
- Milliyə təcrübəli sol cinah müdafiəçilərindən nə Elnur Allahverdiyevi, nə də Ufuk Budakı çağırmısınız. Bu mövqedə kimə üstünlük verməyi düşünürsünüz?
- Sol
cinahda Maksim Medvedev də, Tərlan Quliyev də oynaya bilər. Kimin çıxış edəcəyi
sabah bilinəcək. Bu cinahda bir problem görmürəm.
- 0:6 hesablı məğlubiyyətdən sonra komandada psixoloji hazırlıq hansı səviyyədədir?
- Sabahkı
oyuna nikbin baxırıq. Futbolçulara inanırıq. Nə qədər çətin rəqib olsa da, Norveçi
xalsız yola salmaq istəyirik. Uşaqlar məsuliyyəti dərk edirlər. Düşünürəm ki,
əhval-ruhiyyə yaxşıdır və futbolçularımız sabahkı oyuna hazırdırlar.
- Norveç yığmasının heyətində 15 yaşlı futbolçunun oynamasından xəbəriniz var?
- Əlbəttə,
xəbərimiz var. Norveç millisini analiz etmişik və kimlərin oynadığını, hətta
yaşlarını da bilirik. Bilirik ki, hər mövqedə təhlükəli oyunçularınız var. 15
nömrəli futbolçunuz, hücumda 10 nömrəli oyunçunuz bizə başağrısı ola bilər.
- Əvvəllər də bu rəqiblə seçmə tsikldə futbolçu kimi üz-üzə gəlmisiniz. Hansı fərq görürsünüz?
- Norveç
10 il əvvəlkindən fərqli oynayırlar. Əks-hücumda oynayırlar, top saxlayıb,
hücum qururlar, biz isə mübariz və kollektiv futbol oynayacağımıza ümid edirik.
- Ön xətt futbolçularınızın sərbəst çıxış etmələrinə icazə verəcəksiniz?
- Müdafiə
və yarımmüdafiədə taktiki baxımdan güclü oynamaq lazımdır. Hücumda cərimə
meydançası qarşısında sərbəstlik vermək lazımdır.
- Milliləşdirilmiş legionerlərin əksəriyyətinin çağırılmamasının səbəbi nədir?
- Səbəb
oyunları ilə bağlıdır. Bir müddət yığmaya dəvət aldılar və zəif təsir
bağışladılar. Üzdə olan futbolçulara güvənmişik və çağırmışıq. Ola bilər ki,
gələcəkdə çağıraq.
- Azərbaycanda "Eurovision”, yoxsa milli komanda daha populyardır (Norveçli jurnalistin sualı)?
- Sabah
göstərərik ki, bizdə həm də milli komanda daha populyardır.
- Özünüz futbolçu kimi pleymeyker mövqeyində çıxış etmisiniz. Hazırda yığmada belə bir futbolçu görürsünüz?
- 3
oyunçudan birini həmin mövqedə görürəm. Dmitri Nazarov, Cavid İmamverdiyev və
Araz Abdullayevdən belə oyunu gözləyirik. Düşünürəm ki, bunun öhdəsindən
gələcəklər.
- Dayaq yarımmüdafiəçisi mövqeyinə "Qəbələ”də heç də zəif təsir bağışlamayan Elvin Camalovu dəvət etməyiniz mümkün idi?
- Sabah yoldaşlıq görüşü keçirməyəcəyik. Yoldaşlıq görüşü olsaydı, bir çox futbolçunu sınayardıq. Güclü rəqibə qarşı oynayacağıq. Bu gün dəvət alanlar sabahkı oyuna hazırdırlar.