AFFA-nın baş katibi Elxan Məmmədov
Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi AVRO-2016-nın seçmə
qrup matçı öncəsi brifinq keçirib. Məmmədov Sportnet.az-ın suallarını da
cavablandırıb...
- Norveçlə oyun barədə nə deyə bilərsiniz?
- Bu, çox vacib oyundur. Təəssüf ki, qrupdakı ilk 3 matçdan sonra 0 xalımız var. Komandamızın bizi sevindirəcəyinə inanırıq. Əminəm ki, yığmamız yalnız 3 xal üçün meydana çıxacaq və bundan ötrü əlindən gələni edəcək. Çünki bu oyunla biz gündəmdə qalmalıyıq. Komandamız qrupda 3-cü yer uğrunda mübarizə aparmaq istəyirsə, qələbə əldə etməlidir.
- Belə bir nəticə əldə olunsa, yerli mütəxəssislərə etimad göstərilə bilər?
-
Hazırda AFFA rəhbərliyinin tapşırığına əsasən, namizədləri nəzərdən keçirir, onlarla
danışıqlar aparırıq. Danışıqlar yekunlaşdıqdan sonra həmin namizədlər AFFA İcraiyyə
Komitəsinə təqdim olunacaq. Təbii ki, komitədə də müzakirələr gedəcək.
- Namizədlər arasında Mahmud Qurbanov da var?
-
Yox, söhbət hələlik əcnəbi mütəxəssislərdən gedir.
"Tardelli variantı barədə heç nə deyə bilmərəm”
- Bakıya yeni qayıtmısınız. Xaricdə
olduğunuz müddətdə bu istiqamətdə danışıqlar apardınız?
- Xaricdə
əvvəlcə 17 yaşadək, sonra isə 19 yaşadək futbolçulardan ibarət yığma
komandalarımızla birgə idim. Təbii ki, həmin müddətdə müxtəlif namizədlərlə
görüşlər keçirilib. Bəziləri artıq danışıqlar apardıqlarını özləri də elan
ediblər. Digərləri isə xahiş ediblər ki, məxfiliyi saxlayaq. Biz də etika
xatirinə və onların xahişini nəzərə alaraq, məxfiliyi qorumalıyıq.
- Bəlkə konkret adlara keçək: Bir müddət öncə Robert Prosineçkinin, son günlər isə Marko Tardellinin adı hallanır...
-
Bəli. Prosineçki ilə bağlı məlumat vermişdik. Görüşlər keçirilib. Lakin bu,
tanışlıq xarakterli idi. Ondan başqa təqribən 16 nəfərlə görüş keçirilib.
- Tardelli ilə bağlı məsələ nə yerdədir?
- Heç
nə deyə bilmərəm.
- Demək olarmı ki, AFFA rəhbərliyi nisbətən gənc mütəxəssislərlə danışıqlar aparır?
-
Təbii ki, AFFA rəhbərliyinin tələbi, standartları var. Bunları görüşdüyümüz
mütəxəssislərə ilk mərhələdəcə deyirik. Tələblərdən biri budur ki, əcnəbi baş
məşqçi Bakıda yaşamalıdır. Bu, həm də ilk tələbimizdir. Burada yaşamayacağını
və ya ayda 2-3 həftə Bakıda olacağını deyən mütəxəssislərlə danışıqlar heç
aparılmır. Bu barədə görüşdən öncə ona məlumat verilir ki, tələblərimiz nədir.
Bununla bağlı mənfi reaksiya gəlirsə, onunla görüş ümumiyyətlə keçirilmir.
Yalnız burada yaşamağa hazır olan mütəxəssislərlə görüş keçirilir.
- Hazırda danışıqlar hansı mərhələdədir və yeni baş məşqçinin adını nə vaxt elan etməyi düşünürsünüz?
-
Bilirsiniz, hazırda katibliyin işi odur ki, siyahını hazırlasın, obyektiv
fikirləri yazaq, məlumatlandıraq, sonra isə AFFA rəhbərliyi və İcraiyyə
Komitəsi müvafiq qərar qəbul edəcək. Çox güman ki, müvafiq qərar ilin sonunadək
İcraiyyə Komitəsinin iclasında veriləcək.
AFFA İcraiyyə Komitəsinin heç bir üzvü Qurban Qurbanovla bağlı müraciət etməyib
- AFFA nəzdində yeni yaradılan Məşqçilər
Komitəsinin bu məsələlərlə hansı əlaqəsi ola bilər?
-
Federasiyamızın prezidenti Rövnəq Abdullayev tərəfindən tapşırıq gəldi ki,
təcrübəli mütəxəssislərimizdən ibarət komitə yaradaq. Təəssüflər olsun ki, bu günədək
AFFA-da Məşqçilər Komitəsi yox idi. Komitədəki məşqçilər aşağı yaş qrupları
üzrə yığma komandaların məşqçiləri ilə bərabər koordinator, kurator kimi
fəaliyyət göstərəcək, yığmalara nəzarət edəcək, komandalarımızla səfərlərə gedəcək,
oyunlarda iştirak edəcək və mütəxəssis kimi bizə müvafiq hesabatlar təqdim
edəcəklər. Onsuz da bizim bəzi təcrübəli mütəxəssislərimiz milli
komandalarımızla birgə səfərlərə gedirlər. Hazırda Ağasəlim Mircavadov U-19
yığmamızla birgədir. Onunla mütəmadi əlaqə saxlayırıq. Baş məşqçidən əlavə,
Mircavadov da bizə fikirlərini çatdırır. Daha öncə Səməd Qurbanov da U-17
yığmamızla birgə səfərə getmişdi. Qurbanovun böyük məşqçilik təcrübəsi olmasa
da, veteran futbolçu kimi fikrini bilmək bizim üçün çox vacib idi. Niyə də yox?
Bu təcrübəli, tanınmış mütəxəssisləri bir yerə dəvət edək, rəsmi komitə yaradaq
və komitə ayda bir dəfə katibliyə, İcraiyyə Komitəsinə hesabat versin. AFFA-nın
konfranslarında hesabatımız olduqda onlar da çıxıb fikirlərini bildirsinlər. Məşqçilər
Komitəsinin yaradılması, məncə, çox müsbət haldır. Hazırda komitənin
nizamnaməsi üzərində işləyirik. Çox güman ki, dekabrın 15-dək hazır olacaq və komitə
ilin sonunadək tam fəaliyyət göstərə biləcək.
- Sıravi azarkeşlərin AFFA-ya ünvanlanan sualı var: Niyə Qurban Qurbanov variantı müzakirə olunmur: Yığmaya hazır deyil, yoxsa "Qarabağ”la paralel yığmada işləməyi alınmaz?
- Bu məsələ ilə bağlı AFFA İcraiyyə Komitəsi üzvlərinin fikirlərini öyrənsəydiniz, daha yaxşı olardı. Onlar da sizə müvafiq qaydada cavab verərdilər. Mənim İcraiyyə Komitəsinin iclasında səs hüququm yoxdur. Biz yalnız namizədlərin siyahısını təqdim edirik. Yerli mütəxəssislərin təqdimatını isə komitə üzvlərindən biri verməlidir. Çünki onları tanıyır, hər həftə görüşür, oyunlarda olurlar. Bu günədək İcraiyyə Komitəsinin heç bir üzvü katibliyə müraciət etməyib ki, namizədlər siyahısına yerli mütəxəssisin də adını əlavə edək. Müraciət olsa, təbii ki, əlavə edəcəyik və həmin mütəxəssisin namizədliyi də gündəmdə olacaq.
- 21 yaşadək futbolçulardan ibarət yığma
komandamıza hələ də Bernhard Lippert başçılıq edir. Onun yığmadakı taleyinə
aydınlıq gəlib?
- Lippertin
müqaviləsi gələn ilin fevralında başa çatır. O, həm də 2008-ci ildən texniki
direktor vəzifəsində də çalışır. Hazırda AFFA rəhbərliyi bu məsələ üzərində
düşünür. Ola bilər ki, U-21-ə yeni baş məşqçi təyin edək, Lippert isə texniki
direktor kimi qalsın, yaxud Lippert U-21-dəki işini davam etdirsin. Ümimilikdə,
o, bizim qoyduğumuz məqsədə uyğun olaraq, işləyir. Əsas yığmamızdakı
futbolçuların 50 faizi U-21-dən yetişib. Demək, əsas və gənclərdən ibarət yığmalarımız
arasında körpü var və sağlam fəaliyyət göstərir. U-19 yığmamızın da Avropa
çempionatının elit-raunduna vəsiqə qazanması da bizi çox sevindirdi. 2 həftə
öncə U-17 də eyni uğura imza atmışdı. Son 6 ildə mütəmadi, səbirli işimizin
nəticəsidir ki, Azərbaycan futbolu tarixində ilk dəfə 2 yığma komandamız eyni
vaxtda elit-raunda vəsiqə qazandı. Sizi də təbrik edir və futbolçulara
minnətdarlığımı bildirirəm. Çünki bu, böyük nailiyyətdir. Onlar bizə 2020-ci il
Avropa çempionatına yaxşı namizədlərimizin olmasına dair pozitiv mesaj
göndərdilər. Növbəti mərhələdə göstərəcəkləri nəticədən asılı olmayaraq,
təcrübə qazanacaqlar.
"Nə edibsə, "Araz Naxçıvan” edib”
- Premyer Liqada çıxışını dayandırdığını
bəyan edən "Araz Naxçıvan”la bağlı AFFA-nın fikri nədir: Nə etmək istəyirsiniz?
- Nə
edibsə, "Araz Naxçıvan” edib. Biz heç nə etməmişik (gülür). Təbii ki, çox mənfi
haldır. Belə bir xəbərə təəssüflənirik. AFFA çempionat keçirmir. Peşəkar Futbol
Liqasının əsasnaməsi var. Əsasnaməyə uyğun olaraq, hərəkət etməlidirlər. Yəni,
qanunu pozmaq olmaz. Bu günədək Premyer Liqada 10 komanda çıxış edibsə və hər
hansı komanda hansısa səbəblər üzündən çempionatdan çıxmaq istəyirsə, yəqin ki,
9 komanda qalmalıdır və onunla görüşlərdə qazanılan xallar silinməlidir. Bəzi
ölkələrin çempionatlarında da belə hallar olub. Gəlin, özümüzdən velosiped
yaratmayaq. Beynəlxalq təcrübəni nəzərə alaraq, qalan 9 komanda ilə birgə
çempionatı davam etdirək.
- Sizcə, "Araz Naxçıvan”ın göstərdiyi səbəb əsaslıdır?
- Bununla
bağlı heç bir şərh vermək istəməzdim. Çünki özünüz məndən yaxşı bilirsiniz. Beynəlxalq
təcrübəni də izləyir, görürsünüz. Hər həftəsonu Azərbaycan Premyer Liqası ilə
yanaşı, aparıcı ölkələrin çempionatlarına, eləcə də Çempionlar Liqası, Avropa
Liqası, dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə də baxırsınız. Hakimlər,
ola bilər ki, səhv etsinlər. Dünyanın hər bir yerində və hər bir yarışda bu,
olur. Futbolçu hərdən boş qapıya qol vura bilmədiyi, səhvən kənara vurduğu
kimi, hakim də səhv qərar verə bilər. Ona görə də hakimliklə əlaqədar komandanı
çempionatdan çıxarmaq səbəb ola bilməz.
- Hazırda "Bakı” da dağılma təhlükəsi ilə üzləşib. Böyük və bir çox yığmanın yararlandığı təlim-məşq bazasına malik klubun da futbol səhnəmizdən çəkilməsi gözlənilir...
- "Bakı”
hazırda fəaliyyətini davam etdirir. Bəli, bəzi problemləri var idi. Əcnəbi
futbolçularla əmək haqları vaxtında ödənilmədiyindən, FİFA-ya şikayətlər
gedirdi. Lakin belə hallara müxtəlif klublarda da rast gəlinir. "Bakı”da da
maliyyə böhranına bənzər vəziyyət yaranmışdı. Hazırda komanda fəaliyyət
göstərir ki, bu da bizi sevindirir. "Bakı” klubunun bağlanacağına inanmıram. Klub
işini davam etdirir. Bu söhbətlər mart ayından gedir, lakin sevindirici haldır
ki, indiyədək də fəaliyyət göstərir və belə gözəl bazaya malik böyük klubun işini
yarı yolda qoyacağına inanmıram.
- "Bakı”nın da hakimliklə bağlı problemləri olsa necə?
- ... (gülür).