
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" və "Rabitə" klubları Çempionlar Liqasının qrup mərhələsində son oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, "Azəryol" hələ ötən tur növbəti mərhələyə vəsiqə qazandığından, Fransada "Nant"la qarşılaşma formal xarakter daşıyıb.
Bununla belə, baş məşqçi Aleksandr Çervyakovun komandası asanlıqla qələbə qazanıb - 3:0. Meydan sahibləri yalnız ikinci setdə müqavimət göstərə biliblər. Bununla belə, "Azəryol" 27:25 hesablı üstünlüyə nail olub. Komandamız ilk setdə 25:12, üçüncüsündə isə 25:17 hesabı ilə rəqibini üstələyib. Qrupun digər qarşılaşmasında "Fənərbağça" Türkiyədə Rumıniya "Ştiinta"sını eyni hesabla yenib - 3:0 (25:16, 25:11, 25:13). Bu nəticələrdən sonra "Fənər" B qrupunda 18 xalla 1-ci, "Azəryol" 11 xalla 2-ci, "Nant" 4 xalla 3-cü, "Ştiinta" 3 xalla 4-cü olub. İlk 2 yerin sahibi Çempionlar Liqasının "pley-off"una yüksəlib.
"Rabitə" isə Avropanın ən nüfuzlu klub turniri ilə vidalaşıb. Baş məşqçi Dejan Brdjoviçin komandası Bakıda Polşa "Ximik"inə "tay-breyk"də yenilib - 2:3 (25:27, 25:18, 16:25, 25:16, 10:15). Bununla da Azərbaycan çempionu 6 turdan sonra A qrupunu 7 xalla sonuncu yerdə başa vurub. Qrupun digər matçında Çexiya "Agel"i Rusiyanın "Dinamo" (Kazan) komandasını 3:1 (25:19, 25:22, 16:25, 25:17) hesabı ilə yenib. Nəticədə "Ximik" 13 xalla 1-ci, "Dinamo" 9 xalla 2-ci, 7 xala və daha üstün göstəriciyə malik "Agel" 3-cü olub.