
Azərbaycan cüdoçusu Rüstəm Orucov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Qran Prinin qalibi olub. Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Orucov həlledici qarşılaşmayadək belaruslu Vadim Şoka, italiyalı Andrea Regis, ukraynalı Artyom Xomula və gürcüstanlı Laşa Şavdatulaşvilini yenib.
Qızıl medal uğrunda döyüşdə o, qazaxıstanlı Dastan İkırbayevlə qarşılaşıb. 5 dəqiqəlik görüşün tamamında Orucov yuko xalı ilə qələbəyə nail olaraq, qızıl medal qazanıb.
Bu çəkidəki digər təmsilçimiz Hüseyn Rəhimli isə türkmənistanlı Parahat Başimov və gürcüstanlı Fridon Giqanini yensə də, 1/4 finalda məhz İkırbayevə yenilib. İlk təsəlliverici qarşılaşmada Rəhimli böyük britaniyalı Yan Qosyevskini məğlub edib. Lakin bürünc medal qazanmaq üçün cüdoçumuz Şavdatulaşviliyə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Bu gün tatami üzərinə çıxan 81 kq çəkidəki təmsilçilərimizdən Abdulhaqq Rəhimli ikinci, Rüstəm Alimli ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb. Qadınların mübarizəsində 63 kq çəkidə yer alan Xanım Hüseynova ikinci, Nuriyyə Axundova, 70 kq çəkidəki Nərgiz İbrahimova və Validə Mirzəzadə ilk cəhddəcə yenilib.
Qeyd edək ki, ilk yarış günündə Tərlan Kərimov (66 kq) bürünc medal qazanıb. Eyni çəki dərəcəsindəki Nicat Şıxəlizadə 5-ci, 60 kq çəkidə yer alan Mehman Sadıqov 7-ci olub.