Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında Azərbaycan taekvondoçusu Radik İsayev qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı ilk 3 görüşündə Banqladeş, Taypey və Fransa təmsilçilərini üstələyib.
Finala gedən yolda İsayev kubalı Rafael Kastilyonu 7:6 hesabı ilə yenib. Həlledici qarşılaşmada isə o, özbəkistanlı Cəsur Baykuziyevi məğlubiyyətə uğradıb - 5:4. Bununla da Radik İsayev Azərbaycan Taekvondo Federasiyasının 14 illik dünya çempionluğu həsrətinə son qoyub. Daha öncə bu uğura 2001-ci ildə 68 kq çəki dərəcəsində Niyaməddin Paşayev imza atıb.
Qeyd edək ki, bu, Çelyabinskdəki dünya çempionatında Azərbaycan millisinin ilk medalı olub. Yarışa mayın 18-də yekun vurulacaq.