Azərbaycan milli komandasının cüdoçusu Elcan Hacıyev yenidən zədələnib.
Bu barədə Sportnet.az-a federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
Onun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan Avropa çempionu Avstriyanın Mittersill şəhərində təlim-məşq toplanışı zamanı zədələnib.
24 yaşlı idmançı 4 - 8 həftəlik sıradan çıxıb.
Bu isə o deməkdir ki, Hacıyev 7-8 fevralda keçiriləcək Paris Böyük Dəbilqəsində çıxış edə bilməyəcək. Cüdoçu ən yaxşı halda, 27 fevral - 1 martda təşkil olunacaq Daşkənd Böyük Dəbilqəsində mübarizə apara bilər.
Rəsullunun fikrincə, bu zədə istənilən halda, Hacıyevin hazırlıq prosesinə mənfi təsir göstərəcək: "Elcan əsas idmançılarımızdan biridir".
Federasiya rəsmisi həmçinin bildirib ki, Avstriya toplanışında 2025-ci ilin sonlarında aldıqları zədə üzündən Murad Fətiyev, Ömər Rəcəbli, Əhməd Yusifov iştirak etməyib. Lakin onlar zədələrini artıq bərpa ediblər.
Qeyd edək ki, Elcan Hacıyev 2024-cü il Avropa çempionatında və 2025-ci il VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. O, ötənilki dünya çempionatını karyerasında ilk dəfə bürünc medalla başa vurub. Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb. Fransalı Nqayap Hambu ilə 1/8 final döyüşündə çiyni çıxan azərbaycanlı cüdoçu xəstəxanaya aparılıb.













































































