Avropa Voleybol Federasiyasının (CEV) rəsmi saytı "Azəryol” klubunun baş məşqçisi Ziya Rəcəbovdan yazıb. Sportnet.az-ın məlumatına görə, məqalə "Azeryol write history by making CEV Cup semis driven by young, energetic coach" ("Azəryol" CEV Kubokunda gənc, enerjili baş məşqçi ilə yarımfinala irəliləyərək tarix yazır") adlanır.
Yazıda Bakı komandasının CEV Kubokunun yarımfinalına çıxmasında, İtaliyanın "Novara” klubu güclü rəqibi yenməsində, Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi kimi mübarizəni davam etdirməsində Rəcəbovun rolu xüsusi vurğulanıb. 33 yaşlı Rəcəbovun gənc olmasına baxmayaraq, böyük təcrübəyə malik olduğu bildirilir: "Rəcəbov – Ziko ləqəbi ilə tanınan mütəxəssis 5 il Bakının "Rabitə” klubunda müxtəlif əcnəbi baş məşqçilərin köməkçisi işləyib. Bu komanda ilə bir sıra mükafatlar qazanan Rəcəbov 2013-cü il Çempionlar Liqasının gümüş medalını qazananda italiyalı Marçello Abbondantsanın köməkçisi idi. Rəcəbov voleybolçu kimi də bir sıra nailiyyətlər qazanıb. O, çox gənc yaşlarında oynamağa başlayıb, sonda Azərbaycan milli komandasının üzvü və "Neftçi” ilə çempionatın qalibi olub. Oyunçu karyerasını bitirməyə qərar verəndən sonra məşqçiliyə başlayan Rəcəbov Azərbaycanın kişilərdən ibarət yığma komandasının baş məşqçisi olmuş Bülənt Karslıoğlunun "Bakı 2015" I Avropa Oyunlarında köməkçisi olub. İki qız atası, qızlarla işləməyə böyük sevgisi olan Rəcəbovu qarşıda növbəti sınaq gözləyir. "Azəryol”un CEV kubokunun qızıl medallar uğrunda mübarizədə növbəti rəqibi Krasnodar "Dinamo”sudur. "Azəryol” avrokuboklarda heç bir turnirdə bu qədər irəliləməyib və artıq böyük qəhrəmanlıq göstərib”.
Qeyd edək ki, Ziya Rəcəbov "Rabitə”də köməkçi-məşqçi kimi Azərbaycan Super Liqasını və klublararası dünya çempionluğunu qazanıb. O, yeni təyinatınadək "Azəryol”da baş məşqçi olmuş Aleksandr Çervyakovun köməkçisi işləyirdi.