Bu medalları Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya mayda qatıldığı ardıcıl 2 Dünya Kubokunda qazanmışdı. I Dünya Kubokunda 2 bürünc, II Dünya Kubokunda isə 1 qızıl, 1 gümüş medala sahib olmuşdu.
Ondan əvvəl isə Osipenko-Radomskaya müsahibəsində "Artıq 34 yaşınız var. "Rio-2016" Sizin üçün sonuncu olimpiada olacaq?" sualını belə cavablandırmışdı:
- Bilmirəm, öncədən fikir səsləndirmək istəmirəm. Yenicə "Çempionlar: Sürətli. Uca. Güclü" adlı film ərsəyə gəlib. Filmdə 3 olimpiya çempionu - idman gimnastikası Svetlana Xorkina, üzgüçü Aleksandr Popov və güləşçi Aleksandr Karelinin olimpiadadan-olimpiadaya gedən yolundan bəhs edilir. Həmin filmə baxdıqda özümü gördüm. Çünki mənim də çiyinlərimdə 4 olimpiada var. Baxsanız, filmdə sualınıza cavab tapa bilərsiniz.
Osipenko-Radomskayanın bu medalla fotosu isə yenicə çəkilib. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazandığı 200 metr məsafəyə final yürüşündən sonra mükafatlandırma mərasimində.
Biz ardıcıl 3 olimpiadada medal qazanan idmançımızın olmamasından şikayətlənirik. Osipenko-Radomskaya isə elə bir fenomenal idmançıdır ki, nəinki 3, ardıcıl 4 olimpiadadır ki, medal qazanır və bu gün 5-ci olimpiya medalını rəsmiləşdirdi. Hələ 6-cı medalı da qazana bilər. Şah məsafəsi sayılan 500 metr məsafəyə yürüşdə. Bunun üçün əvvəlcə sabahı, sonra isə final yürüşünün keçiriləcəyi avqustun 18-ni gözləməliyik.
İlk fotodakı 4 medal həm də onun əvvəlki olimpiadalarda qazandıqlarının sayını göstərirdi. Fərq ondadır ki, təcrübəli kayakçı bunadək 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə etmişdi.
Əvvəlki medalları o, Ukrayna yığması adına qazandırmışdı. Bu dəfə isə Osipenko-Radomskaya Azərbaycana yeni idman növündə ilk medalı bəxş etdi və tarixi nailiyyətə imza atdı.
O, artıq 5-ci olimpiadadır davam edən qadın idmançılarımızın olimpiya medalı qazanma tendensiyasını davam etdirdi və bu olimpiadada medal qazanan ilk xanım idmançı oldu. Amma Osipenko-Radomskayanın "Sidney-2000"də Zemfira Meftahəddinovanın qazandığı qızıl medalı təkrarlamaq imkanı da var. Onu olimpiya çempionluğundan 500 metr məsafəyə 3 uğurlu yürüş ayırır.
Elşən MƏMMƏDOV