Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək "Boris Yeltsin Kuboku"ndan imtinasının səbəbi müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qərar maliyyə problemləri ilə əlaqdar verilib.
Federasiyadan bildirilib ki, milli komanda bu turnirə qatılmasa da, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatında, eləcə də dünya Qran-prisində iştirak edə biləcək.
Qeyd edək ki, "Boris Yeltsin Kuboku" 19 - 21 sentyabrda keçiriləcək. Turnirdə İsveçrə, Rusiya, Türkiyə yığmaları və Azərbaycanın əvəzinə yarışa qatılan Krasnodar "Dinamo"su mübarizə aparacaq. Yarış "Uraloçka" voleybol klubunun 50 illik yubileyinə həsr olunub.







































































