
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirində I tura yekun vurulub. Sportnet.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk turun mərkəzi görüşündə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla hazırkı dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.
Partiyadan sonra media qarşısına çıxan Rəcəbov nəticə barədə bunları deyib: "İlk tur həmişə fərqli olur. Fikrimcə çox variantlarım olmadı. Üstünlük görünsə belə rəqib çox diqqətli müdafiə olundu. İlk turdakı nəticə barədə şərh vermək çətin olur. Əsas mübarizə irəlidədir. Müəyyən mənada oyun praktikasının azlığı da rol oynadı. Düzdü son mövsüm əvvəlki illərlə müqayisədə daha çox yarışlarda iştirak edirəm. Mənim üçün iki ay fasilənin olması normaldı. Ən yaxşı turnirlərdə çıxış etmək istəyirəm. Yəni əsas FİDE Qran-Pri seriyası, yığmaların iştirak etdiyi yarışlar və bəzi superturnirləri nəzərdə tuturam. Son mövsüm müəyyən mənada yarışlarım az olmadı. Bununla belə Maqnusla görüşə inamlı başlamışdım".
Azərbaycanlı qrossmeyster eyni zamanda yarışlarda tək və ya cüt sayda iştirakçıların mübarizə aparmasının ona görə önəmli olmadığını deyib: "Əsas məsələ kimin daha çox qara fiqurlarla oynamasıdı. Bu məsələ çox müzakirə edilir. Sadəcə şahmatçılar artıq bu sistemə öyrəşib. Bizim üçün o qədər önəmli deyil. Vərdiş halını alıb, daha çox rəqibin oyunu haqqında düşünürük".
Karlsen isə heç-heçənin ədalətli nəticə olduğunu deyib. Norveçli şahmatçı ilk turu belə şərh edib: "Qara fiqurlarla oynadığım partiyada rəqib səhv etmədi. Ciddi üstünlük olmadığı üçün risk etmək yersiz idi. Teymur çox yaxşı mübarizə apardı. Fikrimcə, ilk turlarda heç-heçələrin qeydə alınması normaldır. Adətən, superturnirlərdə qələbələr az, amma həlledici olur. Bu dəfə də Şəmkirə uğur qazanmaq üçün gəlmişəm. Ümid edirəm ki, qarşıdakı oyunlar istədiyim kimi olacaq".
Dünya çempionu onun üçün hansı rənglə mübarizə aparmağın o qədər vacib olmadığını deyib: "Püşkdən sonra 5 partiyada qara fuqurlarla mübarizə aparacağım dəqiqləşdi. Əslində belə güclü yarışda 5 dəfə qaralarla oynamaq asan olmayacaq. Amma bu, məni ciddi qayğılandırmır. Rəqibləri düşünürəm. Əsas rəqibin oyunu, ona hazırlaşmağımdır. Məhz bu səbəbdən turnirlərdə iştirakçıların sayının cüt və ya tək olması önəmli deyil".
Jurnalistlərin "Evlənmək barədə nə vaxt düşünəcəksən" sualına Karlsen zarafatla belə cavab verib: "Hələ 29 yaşım tamam olmayıb. İlboyu yarışlar, titulu qorumaq barədə düşünürəm. Deyə bilərəm ki, şahmatı çox sevirəm. Hazırda ailə qurmaq haqda fikirləşməmişəm. Mən şahmatla "evliyəm". Beynimdə yalnız şahmatdır".