DÇ-2014-ün
start oyununda Xorvatiya yığmasının qapısına təyin edilmiş penalti avropalıların
baş məşqçisi Niko Kovaçı özündən çıxarıb. Sportnet.az-ın məlumatına görə, mütəxəssis asiyalı hakimin Braziliyanın lehinə təyin etdiyi penaltini
uydurduğunu bildirib.
Kovaçın fikrinə görə, yaponiyalı hakimin səviyyəsi bu cür oyunlar üçün yetərli deyil: "Komandam
əla rəqibə qarşı möhtəşəm oyun keçirdi. Ancaq penalti qeydə alındı. Əgər
stadionda kimsə qayda pozuntusunu görübsə, əlini qaldırsın. Milyonlarla insan penaltinin
olmadığını gördülər. Hakimlər bu hallara görə cəzalandıracaqlarsa, turnirdə 100
penalti təyin olunacaq. Təəssüf ki, Yuiti Nasimura işinin öhdəsindən gəlməyi
bacarmadı”.
Kovaç 2 illik zəhmətlərinin yerə vurulduğundan da gileylənib: "Yetirmələrim 2 il vuruşub Dünya Kubokuna vəsiqə əldə ediblər. Sonra da qapımıza bu cür penalti təyin olunur. Təsəvvür edirsiniz, paltardəyişmə otağında hansı ab-hava hökm sürürdü? Yetirmələrimlə fəxr edirəm. Onlar ən aşağısı heç-heçəyə layiq idilər”.