
Ciddə şəhər trasında Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisi keçirilib.
Sportnet.az xəbər verir ki, mövsümün beşinci yürüşünün qalibi adını "Maklaren" pilotu Oskar Piastri qazanıb.
"Red Bull" pilotu Maks Ferstappen ikinci yeri tutub. "Ferrari"dən olan Şarl Lekler isə üçüncü olub.
50 dövrəlik mübarizəni yalnız iki pilot - Yuki Tsunoda ("Red Bull") və Pyer Qasli ("Alpin") sona çatdıra bilməyib. Onlar elə ilk dövrədə qəzaya düşərək, çıxışlarını erkən başa vurublar. 7 qat dünya çempionu Lüis Hemilton ("Ferrari") isə 7-ci yerlə kifayətlənib.
5 mərhələdən sonra Piastri 99 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə onun komanda yoldaşı britaniyalı Lando Norris (89 xal) qərarlaşıb. İlk üçlüyü isə son dörd dünya çempionatının qalibi Ferstappen (87) tamamlayır.
Qeyd edək ki, növbəti Qran Pri mayın 4-də ABŞ-ın Mayami şəhərində olacaq.