
Azərbaycanda keçirilən III MDB Oyunlarında bu gün 10 idman növü üzrə mübarizə gedəcək.
Sportnet.az-ın məlumatına görə, bunlardan akademik, kayak və kanoe qayıqlarında avarçəkmə, eləcə də basketbolun 3X3 növündə yarışlara start veriləcək.
İlk olaraq, saat 8:45-də Qəbələ Olimpiya İdman Kompleksində badmintonçuların qarışıq, qoşa və fərdi final görüşləri baş tutacaq.
Mingəçevir şəhərindəki "Kür" Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkənlərin fərdi və qoşa yarışlarda çıxışları olacaq. Mübarizəyə saat 10:00-da start veriləcək.
Eyni saatda Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı əsas meydanda basketbolun 3X3 növü üzrə oğlan və qızlar arasında qrup oyunları keçiriləcək. Azərbaycan millisi hər iki yarışda mübarizə aparacaq.
Gəncə İdman Sarayında saat 10:00-da Azərbaycan və Belarusun, saat 13:00-da Rusiya və Özbəkistanın voleybolçu qadınlardan ibarət milliləri yarımfinal görüşlərində üz-üzə gələcəklər.
Saat 10:05-də bu arenanın ikinci zalında 10 metr məsafəyə güllə atıcılığı üzrə qarışıq komanda yarışında təsnifat mərhələsi başlanacaq və qaliblər müəyyənləşəcək.
Eyni arenanın digər zalında saat 11:00-da qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında fərdi çıxışlar olacaq və yekunda medalçılar müəyyənləşəcək.
Göygöl Olimpiya İdman Kompleksində saat 11:00-da cüdo üzrə qarışıq komanda yarışları başlanacaq. Azərbaycan komandası yarımfinalda Tacikistanla, Özbəkistan 1/4 finalda Belarusla üz-üzə gələcək. Mübarizələrin yekununda bütün medalçıların adlarına aydınlıq gələcək.
Xankəndi Stadionunda saat 12:30-da oğlan və qız oxatanların komanda, qarışıq və fərdi olaraq, final çıxışları gerçəkləşəcək.
Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular 13 çəki dərəcəsində final döyüşlərinə çıxacaqlar. Bunların 5-i Azərbaycan təmsilçilərinin iştirakı ilə olacaq. Qarşılaşmalara saat 14:00-da start veriləcək.