“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkil etdiyi “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom kateqoriyasında mübarizə aparıblar.
Yarışın nəticələrinə əsasən Qazaxıstan idmançısı Kseniya Brejnaya 1-ci, Qazaxıstanın digər təmsilçisi Dalel Talkunova 2-ci, Özbəkistan xizəkçisi Kseniya Qriqoryeva isə 3-cü yerə sahib olub.
Xatırladaq ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyalarını əhatə edən 25 qadın idmançı iştirak edib. Yarışlarda Azərbaycanı dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.






















































































