Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın 8-də Bakıya gəlib.
Sportnet.az-ın "Report"a istinadən xəbər verir ki, ispaniyalı pilot Azərbaycan paytaxtında olduğunu "İnstagram" səhifəsində şəkil yerləşdirməklə bildirib.
2 günlük səfəri zamanı o, tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda "McLaren" komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.
Bununla yanaşı, F.Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.
Hazırda "Hilton" mehmanxanasında mətbuat konfransı keçirən F.Alonso ardından avtograf sessiyası edəcək. Saat 16:00-da isə o, Hökumət evi ilə üzbəüz, bulvarda yığışan fanatlarla görüşəcək.
Qeyd edək ki, 34 yaşlı Fernando Alonso Formula 1 üzrə dünya Çempionatının ikiqat qalibidir və hazırda "McLaren" komandasının heyətində yarışır.