Niderland Qran-prisinin təşkilatçıları ölkədəki yarışın tamaşaçısız təşkili üçün şərtlərini açıqlayıb.
Sportnet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Zandvort trassınının idman direktoru Yan Lammers bunun üçün "Formula 1" brendinin sahibi "Liberty Media" şirkətinin bütün xərcləri üzərinə götürməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, Niderland boş tribunalar qarşısındakı Qran-pridən gəlir əldə etməyəcək: "Eyni zamanda hər şeyi quraşdırmaq üçün xeyli vaxt və güc sərf etməliyik. Sadə dillə desək, yarış üçün 1 qəpik belə xərcləməməliyik. "Formula 1" şirkəti və "Liberty" Qran-prini keçirmək istəyirsə, bütün əməliyyat xərclərini kompensasiya etməli olacaqlar".
Y.Lammers bildirib ki, "Formula 1"in Niderlanda qayıtması üçün daha 1 il lazım ola bilər: "35 il gözləmişik. Bunu 1 il də artıq edərik. Hətta yarışı pandemiya başa çatdıqdan sonra keçirmək daha yaxşı olar. Onda heç bir sosial məsafə qaydası olmadan normal Qran-pri təşkil edə bilərik. Nə vaxt bizə tam hüquqlu yarış keçirməyə icazə verilsə, bu, minlərlə insan üçün böyük bayram olacaq".
Niderlandda sonuncu dəfə Qran-pri 1985-ci ildə keçirilib.
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.