Şərhçilik kənardan göründüyü kimi asan iş deyil. Burada sıravi tamaşaçının, azarkeşin nəzərdən qaçırdığı, bəlkə də heç bilmədiyi kifayət qədər nüans var. Şərhçiləri bəzən şou-biznes nümayəndələrinə bənzədirlər. Çünki onlar tamaşaçıların hər hansı oyuna, yarışa baxmasına kömək etməklə yanaşı, həm də onları əyləndirməli, elə də baxımlı olmayan qarşılaşmanı öz sözləri ilə bəzəməlidirlər. Təbii ki, burada auditoriyanın səviyyəsi və maraq dairəsi də nəzərə alınır. Məsələn, elə insan var ki, çılğın şərhləri sevir, bəziləri isə əksinə, nisbətən sakit şərhə üstünlük verir. Belədə əsas yük yenə də şərhçilərin üzərinə düşür.
Əsl şərhçi necə olmalıdır?
Rusiyalı şərhçi Viktor Qusev bu peşədə çalışmaq və uğur qazanmaq istəyənlərə 7 məsləhət verib:
1. Şərhçilik hekayə yarışı deyil
2. Mövzu üzərində işləyin
3. Dili unutmayın
4. Digər şərhçiləri təkrarlamayın.
5. Öz üslubunuz olmalıdır
6. Tamaşaçıya stadionun ən yaxşı yerində oyunu izlədiyi hissini aşılayın
7. Səmimi olun
V.Qusevə görə şərhçi olmaq üçün bu şərtlər vacibdir. “CBC Sport” telekanalının əməkdaşı, vaxtı ilə İdman TV-də də çalışmış Elnur Məmmədlinin fikrincə isə əsl şərhçi birinci növbədə öz dilini yaxşı bilməli, bir qədər xalqa yaxın dildə danışmalıdır: “Onun dediklərini ucqar bir dağ kəndində də, Bakıda da başa düşməlidirlər. Şərhçi üçün əsas məsələlərdən biri pafosdan uzaq olmaqdır. Hadisəni şişirtmək lazım deyil. Hər şeyi olduğu kimi danışmalısan. Təbii ki, şərh etdiyi idman növündən məlumatlı olmalı, qaydaları bilməlidir. Qaydalardan xəbəriniz yoxdursa, bu, sizə ciddi problem yaşada bilər. Bir də ən əsas məsələlərdən biri gündəmi izləməkdir. Məsələn, biz Vasili Utkinin şərhlərinə qulaq asırdıq. O, Rusiya ədəbiyyatını çox yaxşı bilir. İxtisasca, filoloqdur, rus dilinin incəliklərinə elə gedib çıxırdı ki, hətta universitetdə o sahədən dərs deyən müəllimlər belə, ona həsəd aparırdılar. Şərhçi həm də ədəbiyyatı yaxşı bilməlidir. Hazırda 41 yaşım var. Fikirləşirəm, 50 yaşımdan sonra da elə şərh etməliyəm ki, 18 yaşında gənc baxıb deməsin ki, bu qoca nə danışır. Gənclərdən də müəyyən qədər nə isə öyrənmək lazımdır. Onların daha çox nələrə maraq göstərdiklərini bilməlisən. Əslində 50 yaşlı biri ilə gənc nəslin nümayəndəsinin fikirləri üst-üstə düşməyə bilər. Amma sən böyük auditoriya qarşısında oyun şərh edirsənsə, bütün yaş qruplarından olan insanların maraqlarını da nəzərə almalısan. Məncə, ortaq məxrəci tapmaq çox önəmlidir”.
E.Məmmədlinin sözlərinə görə, Azərbaycanda şərhçiliyin hazırkı durumunu normal saymaq olar: “Nəzərə alsaq ki, Sovet dövründə uzun illər Azərbaycanda şərhçilik müxtəlif qollara bölünməmişdi.Yalnız kollektiv idman növləri, daha çox futbol yarışları Azərbaycan televiziyası vasitəsilə canlı yayımlanırdı. Hələ də Azərbaycanda bu cür bölgülər tam aparılmayıb. Sırf bir idman sahəsi üzrə ixtisaslaşmış şərhçilər var, amma sayları çox azdır. Bu gün cüdo, boks, tennis görüşlərini şərh edən jurnalist sabah futbol oyununu da şərh edə bilər. Təəssüf ki, tam ixtisaslaşma getməyib. Bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Məsələ eyni zamanda maddi səbəblərə söykənir. Ayrı-ayrı idman növləri üzrə işçiləri götürmək, onlara əməkhaqqı vermək maddi səbəblərdir. Digər tərəfdən, kadrların tapılması da asan məsələ deyil. Bu cür kadrlar elə də çox deyil ki, əlində geniş imkanlar olsun. Hətta bəzən futbol matçlarını şərh etmək üçün kadr çatışmazlığı olur. İstənilən idman növü üzrə şərhçini yetişdirmək, gətirib bu səviyyəyə çatdırmaq xeyli vaxt tələb edir. Amma ümumi götürdükdə hazırda ölkəmizdə 2 idman telekanalı var: İdman TV və “CBC Sport”. Əvvəllər çox tez-tez o fikirlər səslənirdi ki, mən Azərbaycan televiziyasına baxmıram, oyun gedəndə səsini alıram”. Yavaş-yavaş bu cür fikirlər, ittihamlar azalmağa başlayır. İnsanlar matçları, idman yarışlarını doğma dilimizdə izləməyə üstünlük verirlər. Bu mənada hazırkı durumu qənaətbəxş saymaq olar”.
Bəxti gətirməyən Azərbaycan şərhçiləri
Təqribən 2 il öncə yerli idman saytlarından birində çalışarkən “CBC Sport”un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərlidən maraqlı müsahibə götürmüşdüm. Telejurnalist həmkarlarının, elə özünün də hərdən sərt tənqid olunmasına münasibət bildirərkən belə bir cümlə işlətmişdi: “Şərhçi olmaq istəyən “kəfən”i əyninə keçirib gəlir”. Şərhçilik həqiqətən də zövq məsələsidir.
E.Məmmədli son illər Azərbaycanda şərhçilik peşəsinin inkişaf etdiyini söyləsə də, tənqidlərin olduğunu da istisna etməyib. O bildirib ki, auditoriyanın bəzən yerli şərhçiləri qəbul etməməsinin səbəbləri müxtəlifdir: “Bunun ən birinci səbəbi Azərbaycan əhalisinin, xüsusilə də Bakıda yaşayan insanların 70-80 faizinin rus dilini bilməsidir. Onlar daha çox rus kanallarını izləyirlər. Əyalətlərdə isə demək olar ki, hər evdə çanaq antenlər var. Onlar isə bu yolla Türkiyə telenakanallarına çox baxırlar. Azərbaycan elə bir coğrafi mövqedədir ki, biz şərhçilərin bu mənada bəxti gətirməyib. Tamaşaçıların qarşısında geniş seçim imkanı var. Bu halda Azərbaycan şərhçilərinin ön plana çıxması, parlaması bir qədər çətin məsələdir. Məsələn, Rusiyada bu tendensiya yoxdur. Əhalinin çox az qismi digər dillərdə olan telekanalları izləyirlər. Hamı futbola, digər idman növlərinə yerli kanallarda baxır və öz şərhçilərini qəbul edir. Əslində tənqidlərin olması normaldır. Burada fikir müxtəlifliyi var, zövqlər toqquşur. Hər hansı bir şərhçini qəbul edənlər də var, etməyənlər də. Məsələn, hansısa teleşərhçinin dostu, qonşusu onu bəyənməyə bilər, deyər ki, bu, nə şərhçidir, belə şərhçi olar? Şərhçilik ən çox tənqid olunan sahələrdən biridir. Fikrimcə, buna normal yanaşmaq lazımdır. Tənqid əndazəni aşmırsa, üstündən keçmək lazımdır. Məsələn, şərhdə səsləndirdiyim hər hansı bir fikir, ifadə, “Facebook”da böyük izləyicisi olan səhifədə paylaşılır və altında yüzə yaxın şərh olur. Şərhçiliyə yeni başlayanda maraqlı gəlirdi, girib onları oxuyurdum. İndi isə artıq həmin şərhlərə baxmıram. Bilirəm ki, 100 nəfərdən 5-10-nu təhqir də yaza bilər. Orada xoşagəlməz ifadə də işlədə bilərlər. İstəmirəm ki, həm vaxtım getsin, həm də əhvalım korlansın”.
Bu gün Azərbaycanda futbol şərhçiləri çox olsa da, digər idman növləri üzrə yarışları şərh edənlər barmaqla sayılacaq qədərdir. E.Məmmədli bunun səbəbini futbolun “idmanın şahı” olması ilə əlaqələndirir: “Azərbaycanda məşhur olan idman növləri ilə məşğul olan, onlardan baş çıxaran jurnalistlər azdır. Yəqin, futbol daha populyar olduğu üçün belədir. Məsələn, Rusiyada 20-yə yaxın futbol şərhçisi varsa, digər idman növləri üzrə 1, maksimum 2 nəfər olur. Bir növ, digər idman növləri futbolun kölgəsində qalır. Amm iş orasındadır ki, bu amil olimpiya oyunları zamanı kifayət qədər problem yaradır. Orada müxtəlif idman növləri üzrə yarışlar var. Hər bir idman növündən anlayışı olan, onu təqdim etməyi bacaran insan tapmaq heç də asan məsələ deyil”.
“Sosial şəbəkələr dövründə şərhçi, siyasətçi, hətta aktyor olmaq da çətindir”
Hərdən deyirlər ki, Azərbaycanda əvvəllər böyük şərhçi məktəbi olub. “CBC Sport”un şərhçisi isə bu fikirlərlə razı deyil: “Fikrimcə, Azərbaycanda şərhçi məktəbi olmayıb. Ayrı-ayrı vaxtlarda yaxşı şərhçilərimiz, məsələn, Çingiz İsmayılov kimi peşəkarlar olub. Amma nəzərə alaq ki, həmin dövrün futbolu ilə indikinin sürəti, dəsti-xətti eyni deyil. Ç.İsmayılov indiki şərhçiləri çox tənqid edir. Onun şərhlərinə baxanda da görürük ki, müasir futbolla o vaxtkı şərhi ortalığa qoysaq, tamamilə anlaşmazlıq olar. Məncə, indi şərhçiliyin vəziyyəti daha yaxşıdır. Hər dövrün öz futbolu, öz azarkeşləri var. Elə insanlar var ki, onlar futbola ANS-də Çempionlar Liqası yayımlananda baxmağa başladılar. Fikrimcə, onlar hələ də o fikirdə qalırlar ki, ölkədə ən yaxşı şərhçilər həmin vaxt ANS-də işləyənlər idi. İllər keçsə belə, buna uşaqlıq sevgisi kimi baxırlar. Necə ki, 2, 3-cü sinifdə hansısa qıza vuruluruq və illərlə onu yaddan çıxarmırıq. Sovet dövrünün adamları o vaxtın şərhçilərini yüksək qiymətləndirirlər. Amma şərhçilik çox çətindir. Bayaq ANS-i qeyd etdim, o vaxt sosial şəbəkələr yox idi. Ara-sıra “Futbol+” qəzeti şərhçiləri tənqid edirdi. Bu gün isə şərhdə etdiyin kiçik bir səhvi cəmi 5 saniyə sonra bütün ölkə sosial şəbəkə vasitəsilə bilir və münsibət bildirir. Belə bir dövrdə şərhçi, siyasətçi, hətta aktyor olmaq da çətindir. Çünki indi ən çox gizlətmək istədiyin bir şeyin üstü çox qısa zamanda açılır. O vaxt isə belə deyildi. Ona görə də həmin dövrlə indikini müqayisə etmək olmaz”.
“Şərhçi efirdə hamının gördüyü hadisəni təkrarlamamalıdır”
AFFA-nın sabiq baş katibi, “Neftçi” klubunun keçmiş qapıçısı, əfsanəvi idman şərhçisi Çingiz İsmayılov isə deyir ki, Azərbaycanda idman şərhçiliyinin səviyyəsi əvvəllər daha yaxşı olub: “Son illərdə bizdə bu sahə inkişaf etmək əvəzinə geriləyib. Bunun da müxtəlif səbəbləri var. Şərhçi jurnalistika fakültəsini bitirməyə də bilər. Ən əsas məsələ ixtisaslaşmadır. Bu gün Azərbaycanda hamı futbol şərhçiliyi edir. Şərhçi efirdə hamının gördüyü hadisəni təkrarlamamalıdır. Məsələn, top meydanı tərk edir. Oyun yenidən başlayır, şərhçi deyir ki, top yan xətdən çıxdı. Bu da ondan irəli gəlir ki, hazırkı şərhçilər idmanı yaxşı bilmirlər. Amma bunu hər kəsə aid edə bilmərəm. Kifayət qədər yaxşı şərhçilərimiz də var”.
Ç.İsmayılovun fikrincə, əsl şərhçi bitərəf olmalıdır: “Bir çox şərhçinin azarkeşlik etdiyi komanda olur. Peşəkar insan heç vaxt bunu büruzə verməməlidir. Onun hansısa kluba azarkeşlik etdiyi hiss olunmamalıdır. Həmçinin, şərhçi öz dilinin qrammatikasını mükəmməl bilməli, mövzu barədə dolğun məlumata sahib olmalıdır”.
Azərbaycanda futbol şərhçiliyinin digər idman növlərini qabaqladığını bildirən mütəxəssis bunun jurnalistlərin həmin sahələr barədə məlumatsız olmasından qaynaqlandığını söyləyib: “Çünki çoxu Azərbaycan idmanın tarixini bilmir. Ölkəmizdə məşhur olan digər idman növlərinə aid məlumatları, kitabları oxumurlar. Sual versən, cavablandıra bilməyəcəklər. Bunun üçün federasiyaların nəzdində həmin idman növlərinin tarixi, qaydaları jurnalistlərə öyrədilməlidir. Bu yolla digər idman növləri üzrə şərhçilər yetişdirmək olar”.
“Populyar olmayan idman növünün tamaşaçısı da azdır, şərhçisi də”
Azərbycanda idman şərhçiliyinin dünəni və bu gününü müqayisə edən tanınmış teleşərhçi, İdman TV-nin direktor müavini Siyavuş Əliyev əvvəlki və indiki nəsil arasında heç bir fərq görmür: “Bu sahə əvvəllər də yaxşı olub, indiki gənclər də öz sözlərini deyirlər. Ona görə də Azərbaycanda şərhçilik inkişaf etməkdə davam edir. Yəni, hazırkı vəziyyət yaxşıdır”.
Ölkədə digər idman növləri üzrə şərhçi sayının az olmasına münasibət bildirən telekanal rəsmisi bunu populyarlıqla əlaqələndirib: “Məşhur olmayan idman növünün tamaşaçısı da azdır, şərhçisi də. Bunlar bir-birini tamamlayan şeylərdir. Bu, nə şərhçinin, nə də tamaşaçının günahıdır. Ölkədə hansı idman növünə maraq çoxdursa, onun tamaşaçısı da, şərhçisi də çox olur”.
Yerli şərhçilərin həddindən artıq tənqid olunması barədə də fikirlərini bölüşən S.Əliyev burada günahın jurnalistlərdə olmadığını düşünür: “Hər şey psixologiya ilə bağlıdır. Özümüzünkünü qəbul etmək çətin olur. Bu gün bir sıra ölkələrlə müqayisə aparanda görürük ki, bizdə şərhçiliyin vəziyyəti yaxşıdır. Sadəcə, bir nəfəri hamının qəbul etməsi mümkün deyil”.
Elnur Salahov
Yazı Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.