
Ukrayna millisi İslandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə oyunlarından əvvəl daha bir itki ilə üzləşib.
Sportnet.az-ın Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, İspaniya "Jirona"sının yarımmüdafiəçisi Viktor Tsıqankov zədə üzündən komandaya kömək edə bilməyəcək.
Daha əvvəl baş məşqçi Sergey Rebrov heyətə iki futbolçu dəvət edib. Bunlar Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Oleq Oçeretko və Jitomir "Polesye"sinin orta sahə oyunçusu Vladislav Velikandır.
Oçeretko zədə səbəbindən millidən kənarlaşdırılmış Türkiyə "Trabzonspor"unun üzvü Oleksandr Zubkovu əvəzləyib. Velikan isə yığmaya ilk dəfə çağırılıb.
Qeyd edək ki, Ukrayna millisi İslandiya ilə oktyabrın 10-da Reykyavikdə, Azərbaycanla oktyabrın 13-də Polşanın Krakov şəhərində üz-üzə gələcək.