Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
Sportnet.az xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb: "Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!"
Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir", - deyə məlumatda bildirilir.
Birinci vitse-prezident Mehriban Əliyeva isə Madagizin işğaldan azad olunması münasibətilə "Instagram"da paylaşım edib. Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Madagiz (Suqovuşan) kəndi Azərbaycan Respublikası Tərtər rayonunun kəndlərindən biridir. Madagiz əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub.
1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində Ermənistan tərəfindən işğal olunub.
Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Ermənilər Madagizi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.