
Azərbaycan Badminton Federasiyası (ABF) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, memorandumun əsas məqsədi ölkənin bank sektorunda badminton idman növünə marağın artırılması, o cümlədən bu idman növünün inkişafına biznes və maliyyə sektorunun dəstəyinin stimullaşdırılmasıdır.
Tərəflər arasında əldə edilən ilkin razılığa əsasən, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bankların həvəskar komandaları arasında badminton yarışı təşkil ediləcək və birgə müxtəlif layihələr həyata keçiriləcək.
Qeyd edək ki, ABA hazırda 26 bank və 2 bank olmayan kredit təşkilatını, eyni zamanda Azərbaycan Kredit Bürosu, Azericard MMC və Millikart MMC-ni özündə birləşdirən bank sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi ictimai platformadır. Ümid edirik ki, ABF və ABA arasında yaranan yeni əməkdaşlıq ölkəmizdə badmintonun daha da populyarlaşmasına və bu idman növündə kütləviliyə təkan verəcək.