"Bakıda karantin qaydalarına riayət etməyə çalışıram. Lazım deyilsə, evdən çıxmıram"
Sportnet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın milliləşdirilən badmintonçusu Edi Reski Dviçayo ölkəsi İndoneziyanın "Ligaolahraga" nəşrinə açıqlamasında deyib.
22 yaşlı idmançı formada qalmaq üçün millinin baş məşqçisi Morteza Validarvinin göstərişi ilə gündəlik çalışmaları yerinə yetirdiyini bildirib: "Validarvi mənimlə əlaqə saxlayır, lazımi təpşırıqlarını verir. Ümid edirəm ki, bəşəriyyət bu qlobal fəlakətdən xilas olacaq və tezliklə idmana qayıdacağam".
Dviçayo 2019-cu ildə İtaliyanın Milan şəhərindəki beynəlxalq turnirdə fransalı son Avropa çempionu Bris Leverdeni məğlub etməsindən də danışıb: "Ona qalib gəlməyim mənim üçün unudulmaz an oldu. Belə bir qələbə məni gələcək uğurlara ruhlandırdı",
Qeyd edək ki, 21 - 26 apreldə Ukraynanın paytaxtı Kiyevdəki keçirilməsi planlaşdırılan Avropa çempionatı təxirə salınıb. Yarışda Edi Reski Dviçayonun da iştirakı nəzərdə tutulub.