Bu il Bakıda baş tutmuş Formula 1 üzrə Azərbaycan Qran Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə və həmçinin yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq Qran Priyə səfər edəcək.
BŞH-dan Sportnet.az-a verilən məlumata görə, fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən Azərbaycan Qran Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, Formula 1 Avropa və Azərbaycan Qran Priləri və ümumilikdə Formula 1 tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.
Qalib könüllülərin adları Azərbaycan Qran Prisi könüllüləri üçün təşkil edilmiş "Təşəkkür” mərasimində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib.
Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblər üçün sertifikat bu adı qazanmış könüllülərə təqdim edilib.
Qalib olan könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran Pri yarışını tribunada canlı izləyə biləcək və həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 – 25 iyunda keçirilib.