Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə "Formula 1” üzrə 2018-ci il dünya çempionatının sonuncu – 21-ci mərhələsi start götürüb.
Sportnet.az xəbər verir ki, Bakı Şəhər Halqasının təşkilatçılığı və dəstəyi ilə Azərbaycandan olan bir qrup media nümayəndəsi də yarışı işıqlandırmaq üçün dünyanın ən isti şəhərlərindən birində səfərdədir. Onların sırasında "Report” İnformasiya Agentliyinin müxbiri də yer alıb.
Təəssüf ki, Abu-Dabi Qran Prisi formal xarakter daşıyır. Çünki Almaniyanın "Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton çempionluğu erkən təmin edib. Onun komandası isə Konstruktorlar Kubokunda qalibiyyəti rəsmiləşdirib.
Apreldə Azərbaycan Qran Prisinin də qalibi olan L.Hemilton hazırda 383 xalla 1-ci pillədə qərarlaşıb. İtaliyanın "Ferrari” komandasının almaniyalı sürücüsü Sebastyan Fettel 302 xalla ikinci yeri təmin edib. Üçüncü yerə isə 251 xalla onun finlandiyalı komanda yoldaşı Kimi Raykonnen, eləcə də "Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas və Avstriyanın "Red Bull” komandasından hollandiyalı Maks Ferstappen iddia edir. Onların müvafiq olaraq, 237 və 234 xalları var. Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla eyni saat qurşağında yerləşməsi ölkəmizdəki avtomobil idmanı həvəskarları üçün əlverişlidir. Yarışa bu gün saat 13:00-da başlayan 1-ci sərbəst yürüşlə start verilib. Maks Ferstappen 1:38.491 göstərici ilə ən yaxşı olub. Onun komanda yoldaşı Daniel Rikkardo ikinci (+0.454), V.Bottas isə (+0.961) üçüncü göstəriciyə imza atıb. İkinci sərbəst yürüş isə saat 17:00-da başlayıb.
Təqvimə əsasən, noyabrın 24-də saat 14:00-da üçüncü sərbəst yürüş olacaq. Saat 17:00-da isə sıralama turu başlayacaq. Yarış isə noyabrın 25-də saat 17:10-a nəzərdə tutulub.
Abu-Dabi Qran Prisi süni Yas adasında təşkil olunur. "Aldar Properties”in layihəsi olan ada 36 milyon dollara başa gəlib. Paytaxtın mərkəzindən şərqdə yerləşən adanın təməli 2007-ci ildə qoyulub və hələ də inşaat işləri davam etdirilməkdədir. Buranın ərazisi isə 25 kvadrat kilometrdir.
Adada "Warner Bros. Movie World” əyləncə parkı, möhtəşəm "Ferrari World” muzeyi, su parkı, "Yas Marina” otellər qrupu, "Yas Mall” və digər tikililər mövcuddur. "Yas Marina” trası isə 2009-cu ildən "Formula 1”in təqvimində peyda olub. İdman qurğusu Monako trekinin analoqu kimi hazırlanıb və 21 döngədən ibarətdir.
Adada tam olaraq "Formula 1” əhval-ruhiyyəsi hökm sürür. Komanda üzvləri, media nümayəndələri və turistlər əsasən trasın yaxınlığındakı otellərdə məskunlaşıblar. Yasda təhlükəsizlik tədbirləri gücləndirilib, trek ətrafında və ərazisində işçilər və könüllülər xidmət göstərirlər. Lakin nədənsə, onlar yarışla bağlı çox az məlumatlıdırlar. Məsələn, Media Mərkəzinin hansı istiqamətdə yerləşdiyini mühafizəçi tam fərqli yönə nişan verdi. Halbuki axtardığımız məkanın 10 metrliyində dayanmışdı. Oxşar hal könüllərlə də bir neçə dəfə yaşandı. Ümumilkdə götürsək, təşkilatçılıq normal səviyyədədir. Amma bu baxımdan, Bakı Şəhər Halqasından geri qaldıqlarını da söyləməliyik.
Abu-Dabi bahalı şəhər olduğundan, bura daha çox imkanlı turistlər axın edir. Elə yarışı izləyənlərin əskəriyyəti də əcnəbilərdir. Yerli əhalı "Formula 1”ə elə də maraq göstərmir. Onları daha çox yarış çərçivəsində təşkil olunan konsert proqramları cəlb edir. Dünən Post Malone səhnə alıb, bu günə Uikndin çıxışı nəzərdə tutulub. Sabah Sem Smit, noyabrın 25-də isə "Guns N’ Roses” hard-rok qrupu çıxış edəcək.